Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qarabağ bölgəsində həyata keçirilən iri həcmli layihələrlə yerində tanışlıq məqsədilə genişmiqyaslı mediatur təşkil olunub. 03–04 iyun 2026-cı il tarixlərini əhatə edən bu səfər, həmçinin qarşıdan gələn 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramına həsr edilib.
ELAZ.İNFO xəbər verir ki, mediaturun əsas məqsədi Ağdərə rayonunda yerləşən Sərsəng Su Anbarı, eləcə də Xankəndi və Şuşa şəhərlərinin içməli su təchizatı sistemlərində görülən son işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Səfərdə ölkənin qabaqcıl 16 media qurumunun nümayəndələri yer alıb.
Mediaturun birinci günü jurnalistlər Ağdərə rayonu ərazisində, Tərtərçayın üzərində yerləşən strateji əhəmiyyətli Sərsəng su anbarına baxış keçiriblər. Media nümayəndələrinə anbarın texniki göstəriciləri və tarixi barədə ətraflı məlumat verilib: Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib və ümumi həcmi 560 milyon kub metr təşkil edir. Ümummilli Lider Heydər Əliyev Sərsəng su anbarının layihələndirilməsi, Su Elektrik Stansiyasının (SES) tikintisi proseslərində, eləcə də su anbarının rəsmi açılış mərasimində şəxsən iştirak edib.
Bu nəhəng su tutarı regional kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Anbar Ağdərə, Tərtər, Bərdə, Goranboy, Yevlax və Ağcəbədi rayonlarının ümumilikdə 96 217 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək gücünə malikdir. Hazırda anbarda və ətraf infrastrukturda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Mediatur çərçivəsində növbəti günlərdə Xankəndi və Şuşa şəhərlərinin içməli su şəbəkələrində icra olunan layihələr işıqlandırılacaq.
Ruslan MƏMMƏDOV
