Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfrans işinə başlayıb. Konfrans çərçivəsində təşkil olunan ilk panel sessiya “Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusuna həsr edilib.
ELAZ.İNFO xəbər verir ki, panelin moderatoru qismində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxış edib.
Sessiyada regional təhlükəsizlik, tarixi ədalət və beynəlxalq hüquq müstəvisində mühüm məruzələr dinlənilib. Paneldə çıxış edən rəsmi şəxslər və ekspertlər sırasına daxildir: Şamil Ayrım — Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan–Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri; Fərhad Hüseynov — BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti; Damjan Mišković — ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru; Sheraz Mehmood Khan — Qərbi Kaspi Universitetinin beynəlxalq münasibətlər üzrə mütəxəssisi.
Sessiyanı giriş sözü ilə açan moderator Fariz İsmayılzadə Qərbi Azərbaycana qayıdış konsepsiyasının region üçün daşıdığı strateji əhəmiyyəti diqqətə çatdırıb. O qeyd edib ki, bu ideya təkcə tarixi ədalətin bərpası ilə məhdudlaşmır: “Qərbi Azərbaycana qayıdış ideyası regionda dayanıqlı sülhün və qarşılıqlı etimada əsaslanan yeni əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.”
Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, bu istiqamətdə keçirilən elmi müzakirələr regional təhlükəsizlik, inteqrasiya prosesləri və gələcək inkişaf perspektivlərinin daha dərindən qiymətləndirilməsinə real töhfə verir.
Ruslan MƏMMƏDOV
