“Gənclərin rəqəmsal dayanıqlılığı gücləndirilməlidir”

Milli Məclisin deputatı və NATO Parlament Assambleyasının (PA) Demokratiya və Təhlükəsizlik Komitəsinin üzvü Könül Nurullayeva assambleyanın növbəti komitə iclasında mühüm bəyanatlarla çıxış edib.

ELAZ.İNFO xəbər verir ki, millət vəkili “Terrorizmlə mübarizə: Dəyişən təhdidə qarşı müttəfiqlərin cavab tədbirlərinin gücləndirilməsi” mövzusuna həsr olunmuş müzakirələrdə iştirak edib.

Könül Nurullayeva öz çıxışında terrorizmin qloballaşan dünyada forma dəyişdiyini və xüsusilə virtual məkanda ciddi təhdidlər yaratdığını diqqətə çatdırıb. Deputat çıxışı zamanı aşağıdakı vacib məqamları xüsusi olaraq vurğulayıb:

Terror qruplaşmalarının yeni texnologiyalardan istifadə edərək fəaliyyət coğrafiyalarını genişləndirməsi; İnternet və müxtəlif sosial şəbəkələr üzərindən aparılan dağıdıcı təbliğatın qarşısının alınmasının vacibliyi; Gənc nəslin rəqəmsal məkanda təhlükələrdən qorunması, onların onlayn manipulyasiyalara qarşı rəqəmsal dayanıqlılığının və savadlılığının gücləndirilməsi.

Komitə iclasında həmçinin dəyişən terror təhdidlərinə qarşı NATO müttəfiqlərinin birgə və koordinasiyalı cavab tədbirlərinin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın