Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razi Nurullayev

Hacıqabul rayonunda yaşlı bir kişinin qadın turistə qarşı etdiyi qeyri-etik hərəkətləri əks etdirən görüntülər ölkə gündəmindəki aktuallığını qoruyur və geniş müzakirələrə səbəb olmaqda davam edir.

ELAZ.İNFO xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bu cür hadisələrin və turistlərə qarşı sərgilənən bəzi xoşagəlməz rəftarların artıq fərdi xarakter daşımadığını vurğulayıb. Deputat bildirib ki, turizm sektoru tamamilə qarşılıqlı etimad üzərində qurulub və qeydə alınan neqativ hallar ölkə hüdudlarından kənarda sürətlə mənfi rəyin yaranmasına rəvac verir:

“Bu, kifayət qədər ciddi problemdir. Bu gün bəzi xarici ölkələrdə ‘Azərbaycanda turistləri aldadırlar’ kimi mənfi bir fikrin yayılması məhz bu cür xoşagəlməz halların nəticəsidir. Xüsusilə bəzi taksi sürücülərinin gediş haqqını süni şəkildə şişirtməsi, restoranlarda əcnəbi qonaqlara yerli əhali ilə müqayisədə fərqli və daha baha menyuların təqdim edilməsi ölkəmizin beynəlxalq imicini ciddi şəkildə zəiflədir”.

Milli Məclisin deputatı mövcud problemlərin kökündən həll edilməsi üçün bir sıra vacib addımların atılmasını və qaydaların sərtləşdirilməsini təklif edib: Dövlət Turizm Agentliyinə real nəzarət rıçaqları və səlahiyyətlər verilməli, monitorinqlər gücləndirilməlidir. Xidmət və iaşə obyektlərində qiymətlər tam şəffaf, açıq və hamı (həm yerli sakinlər, həm də əcnəbilər) üçün bərabər olmalıdır. Turistlərin qarşılaşdıqları qanunsuzluqlar barədə dərhal məlumat verə biləcəkləri sadə, əlçatan və çevik şikayət platforması (mexanizm) qurulmalıdır.

Razi Nurullayev sonda ən vacib məqamın fəlsəfə və yanaşma tərzi olduğunu qeyd edib. O bildirib ki, turistə yalnız anlıq “qazanc mənbəyi” kimi deyil, ilk növbədə dövlətin və xalqın əziz qonağı kimi baxılmalıdır. Çünki hər bir əcnəbinin buradan aparacağı təəssürat Azərbaycanın dünyadakı nüfuzunu və gələcəkdə ölkəyə gələcək turistlərin sayını birbaşa müəyyən edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın