Hindistanın paytaxtı Nyu-Dehli şəhərində yerləşən otellərin birində dəhşətli yanğın hadisəsi baş verib. Yerli mətbuatın yaydığı məlumata görə, faciə nəticəsində həyatını itirənlərin əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.
ELAZ.İNFO xəbər verir ki, yanğın zamanı ümumilikdə 21 nəfər dünyasını dəyişib, onlardan 18-i əcnəbidir. Hadisə zamanı xəsarət alan 40-dan çox insan dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə olunub. Məlumata görə, həlak olan xarici ölkə vətəndaşlarının Banqladeş, Nigeriya, Mozambik və Liberiyadan gəldiyi müəyyən edilib. Mənbələr bildirir ki, yanğının baş verdiyi otel Nyu-Dehlinin ən böyük tibb mərkəzlərindən birinin yaxınlığında yerləşir. Bu səbəbdən otel qonaqlarının böyük əksəriyyəti ya həmin xəstəxanada müalicə alanlar, ya da xəstə yaxınlarına dəstək üçün şəhərə gələn şəxslər olub.
Hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb: Rəsmi lisenziyaya əsasən, sözügedən otelə yalnız 6 otaqla fəaliyyət göstərməyə icazə verilib. Lakin hadisə baş verən zaman oteldə qanunsuz olaraq 25 otağın fəaliyyət göstərdiyi məlum olub. Yanğının dəqiq hansı səbəbdən qaynaqlandığı hələlik məlum deyil, istintaq davam edir. Hindistan Prezidenti Draupadi Murmu “X” sosial şəbəkə hesabında yanğınla bağlı paylaşım edərək həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Ruslan MƏMMƏDOV
