Kanye Uest İstanbul konsertində dünya rekorduna imza atdı — 118 mindən çox tamaşaçı

ELAZ.İNFO xəbər verir ki, amerikalı repçi Kanye Uest Türkiyənin İstanbul şəhərində keçirilən konsertində biletli giriş üzrə musiqi tarixinə keçəcək bir rekorda imza atdığını bəyan edib. “Türkiye Today” portalının yaydığı məlumata görə, repçinin möhtəşəm performansını izləmək üçün stadiona 118 mindən çox insan toplanıb. “Mən sadəcə sizə bildirmək istəyirəm ki, biz indicə tarixin ən böyük stadion konsertində 118 min tamaşaçı toplamaqla rekordu qırdıq”, — deyə Uest mayın 30-da İstanbulun Atatürk Olimpiya Stadionunda baş tutan konsert zamanı səhnədən pərəstişkarlarına müraciət edib. Qeyd olunur ki, repçinin və konsert təşkilatçılarının bu iddialarından başqa, hələlik qeydə alınmış rəsmi və sertifikatlaşdırılmış bir dünya rekordu təsdiqi mövcud deyil.

Dünya turnesi çərçivəsində çıxışlarını davam etdirən Kanye Uest yay aylarında Albaniya, Gürcüstan, İspaniya və Niderlandda da böyük konsert proqramları ilə çıxış etməyi planlaşdırır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın