Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AQÜYİİA) sədri Mürvət Həsənli ölkədə kənd təsərrüfatının inkişafı və dövlət dəstəyi ilə bağlı məqalə yayımlayıb.
ELAZ.INFO xəbər verir ki, Mürvət Həsənli öz yazısında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 5 illik planların uğurlu nəticələrini və fermerlərə göstərilən diqqəti diqqətə çatdırıb. Məqalədə qeyd olunur ki, fəaliyyətə başladığı dövrdən etibarən, təkcə “Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikalarının, o cümlədən kombaynların alınmasına ümumilikdə 446 milyon manatdan çox vəsait xərclənib. Bu investisiya sayəsində ölkənin texnika parkı tamamilə müasirləşib: Ölkəyə “John Deere”, “New Holland”, “Claas” və “Sampo” kimi dünya brendlərinə məxsus minlərlə yeni taxılyığan və pambıqyığan kombayn gətirilib. İndiyədək 1800-dən çox taxılyığan kombayn lizinq yolu ilə birbaşa fermerlərin istifadəsinə verilib.
Mürvət Həsənli vurğulayıb ki, aqrar sektorun təsərrüfat işlərinə həvəsləndirilməsi üçün hər il böyük miqdarda subsidiyalar və güzəştli kreditlər ayrılır. Təkcə bu il kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcəsindən 1,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. 2026-cı ildə dövlət tərəfindən fermerlərə verilən subsidiyalar əsasən 3 mühüm istiqaməti əhatə edir: Əkinçilik, Məhsuldarlıq ,Heyvandarlıq
Assosiasiya sədri dövlət dəstəyinin çoxşaxəli olduğunu və bu sahədə hətta arıçıların da unudulmadığını bildirib. Belə ki, hazırda fermerlər saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya alırlar. Müəllifin sözlərinə görə, ayrılan bu vəsaitlər və yaradılan şərait fermerlərin öz işgüzarlıq potensialını maksimum dərəcədə artırmasına birbaşa xidmət edir.
Ruslan MƏMMƏDOV
