Rusiyanın ən böyük onlayn satış platformalarından biri olan “Wildberries”, Rusiya bazarında Cənubi Koreya və Hindistan istehsalçılarının məhsullarının satışını işə salmağı planlaşdırır.
ELAZ.INFO xəbər verir ki, bu barədə “Wildberries”in təsisçisi, “Wildberries & Russ” (RVB) şirkətinin rəhbəri Tatyana Kim Sankt-Peterburq Beynəlxadavq İqtisadi Forumu (SPIEF) ərəfəsində TASS agentliyinə verdiyi eksklüziv müsahibəsində məlumat verib. Şirkət rəhbəri xüsusilə Koreya məhsullarına böyük tələbat olacağını proqnozlaşdırır: “Hazırda rusiyalı alıcılar üçün Hindistan istehsalçılarının mallarının satışına başlamaq barədə düşünürük. Bundan əlavə, Cənubi Koreyadan olan məhsulların da platformaya çıxarılması planlaşdırılır. Bu, çox böyük tələbata səbəb olacaq, çünki hazırda təkcə Koreya kosmetikasına deyil, ümumiyyətlə, Koreya mədəniyyətinə və məhsullarına aid hər şeyə qlobal bir trend var”.
Tatyana Kim qeyd edib ki, şirkət xarici bazarlarda genişlənməyə davam edir. Məsələn, yaxınlarda Efiopiyada yerli satıcılar üçün xüsusi “WB-günü” keçirilib və artıq efiopiyalı istehsalçıların məhsulları rusiyalı alıcılar üçün əlçatandır. “Wildberries” təkcə e-ticarət deyil, digər xidmət sahələrini də regional olaraq böyüdür. Qonşu ölkələrdəki aktivlik barədə danışan rəhbər əlavə edib: “Biz artıq mövcud olduğumuz ölkələrdə aktiv şəkildə inkişaf etməyə davam edirik. Belarus, Özbəkistan və Qırğızıstanda taksi xidmətimizi istifadəyə verdik, perspektivdə digər ölkələr barədə də düşünürük”.
Ruslan MƏMMƏDOV
