Milli Məclisdə irəli sürülən bəzi qanunvericilik təklifləri cəmiyyətdə və yaradıcı ziyalılar arasında ciddi rezonans doğurmaqda davam edir. Deputat Bəhruz Məhərrəmovun rəsmi hüquqi sənədlərdən “arvad” ifadəsinin yığışdırılması barədə təşəbbüsü bu dəfə tanınmış yazıçı, şair və dramaturq Seyran Səxavətin sərt təpkisi ilə qarşılaşıb.
ELAZ.İNFO xəbər verir ki, parlamentin bu addımına kəskin etiraz edən yazıçı, deputatların xalqın dil və mədəniyyət yaddaşına bu cür yanaşmasını uğursuz hesab edib. Seyran Səxavət Azərbaycan klassik mədəniyyətinin dühası olan Üzeyir Hacıbəyovun yaradıcılığını nümunə gətirərək, deputatların bu məsələdə həddi aşdığını xatırladıb: “Bu təklifin müəllifləri çox böyük yanlışlığa yol verirlər. Görəsən, bizim deputatlar Üzeyir Hacıbəyovdan daha məlumatlı və ağıllıdırlar? Axı o böyük dahi hələ illər öncə bəşəri bir əsərini məhz “Ər və arvad” adlandırıb. Mənim öz həyat yoldaşım elmlər doktorudur, şərqşünaslıq təhsillidir, dissertasiyasını Moskvada müdafiə edib və həm də dindar, Allaha bağlı bir insandır. Amma mən ona məhz “arvad” deyirəm. Çünki mən Üzeyir bəyin qoyduğu və qoruduğu dildə danışıram.”
Yazıçı deputatların fəaliyyət trayektoriyasını tənqid atəşinə tutaraq, ölkə parlamentinin daha ciddi və fundamental problemlərlə məşğul olmalı olduğunu vurğulayıb. Seyran Səxavətin fikrincə, cəmiyyəti sözlər yox, birbaşa sosial-iqtisadi rifah düşündürür və millət vəkilləri bu istiqamətdə addım atmalıdırlar: “Belə görünür ki, parlament tərkibindəki bəzi şəxslər bekar qaldıqları üçün nə ilə məşğul olacaqlarını bilmirlər. Bu bekarçılıqdan əziyyət çəkən Milli Məclis üzvlərinə çox ciddi bir tövsiyə rəva bilirəm: Boş yerə oturub “arvad” sözünün linqvisitik analizini aparmaqdansa, gedib o qadınların ərlərinin aylıq maaşlarını, qazanclarını artırsınlar. Bax, ondan sonra o qadınlar öz ərlərindən “arvad” sözünü eşidəndə belə, bunu ən xoş sədalarla, “xanım” kimi qəbul edəcək və özlərini həqiqətən xoşbəxt hiss edəcəklər.”
Ruslan MƏMMƏDOV
