Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkəran rayonuna səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatında olub.
ELAZ.İNFO xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın ümumi fəaliyyəti, burada becərilən çay sortları və istehsal edilən yerli məhsullarla yaxından tanış olub. Bildirilib ki, bu təsərrüfat Lənkəranın çoxəsrlik ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsal potensialının genişləndirilməsi və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Səfər zamanı Leyla Əliyeva çay plantasiyasında çalışan işçilərlə görüşüb, onlarla birlikdə çay yığımında iştirak edib. İşçilərlə səmimi söhbət edən Fondun vitse-prezidenti onların gündəlik iş prosesi və təsərrüfatdakı ümumi fəaliyyətləri ilə yaxından maraqlanıb, xatirə şəkilləri çəkdirib. Fermer təsərrüfatının sahibi Araz Yağubov fəaliyyət barədə məlumat verərək bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Hazırda bu sahənin 55 hektarında müasir çay plantasiyası salınıb.
Görüşdə ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın stimullaşdırılmasına və regionda məşğulluq səviyyəsinin artırılmasına verdiyi böyük töhfələr vurğulanıb, həmçinin təsərrüfatın aqroturizm məkanı kimi geniş potensiala malik olduğu xüsusi qeyd edib.
Ruslan MƏMMƏDOV
