Azərbaycan elminin parlaq siması, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi bölgələrimizdə böyük ehtiramla yad edilir. Bu çərçivədə gənc nəslin maarifləndirilməsi məqsədilə təhsil ocaqlarında silsilə tədbirlər təşkil olunur.
ELAZ.İNFO xəbər verir ki, Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə Əliyeva: Elmin və qadın gücünün simvolu” mövzusunda tədbir keçirilib.
Tədbiri liseyin direktor əvəzi Elşad Xəlilov giriş nitqi ilə açaraq, akademikin həm tibb elminə verdiyi töhfələrdən, həm də nümunəvi insanlıq keyfiyyətlərindən bəhs edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasim bədii-maarifləndirici hissə ilə davam etdirilib.
Liseyin ümumi təhsil işləri üzrə dərs hissə müdiri Vüsalə Mənafova tələbələrə Zərifə xanımın zəngin həyat yolu və oftalmologiya sahəsindəki fundamental tədqiqatları haqqında geniş məlumat verib. Görüş zamanı mövzuya uyğun videoçarxlar nümayiş etdirilib, tələbələr tərəfindən görkəmli alimə həsr olunmuş şeirlər səsləndirilib.
Məlumat üçün bildirək ki, bu formatda tədbirlərin keçirilməsində əsas qayə gənclərdə elmə marağın artırılması, milli şəxsiyyətlərin təbliği və mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasıdır.
Ruslan MƏMMƏDOV
