Salyan rayonunda uşaqların təhlükəsizliyi və maarifləndirilməsi istiqamətində növbəti addım atılıb.
ELAZ.İNFO xəbər verir ki, Salyan rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhər 2 nömrəli uşaq bağçasında “Yol hərəkəti qaydalarını öyrənək” mövzusunda maarifləndirici tədbir keçirilib. “Şəhərsalma və Memarlıq ili” çərçivəsində təşkil olunan tədbir azyaşlılara yol nişanlarını tanıtdırmaq, işıqforun rənglərini öyrətmək və piyada keçidlərindən düzgün istifadə qaydalarını aşılamaq məqsədi daşıyıb.
Tədbir başlamazdan əvvəl bağçanın adını daşıdığı şəhid Sadiq Babayevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edən rəsmi şəxslər – İcra Hakimiyyətinin məsləhətçi-psixoloqu Sevinc Səmədova, DYP bölməsinin polis kapitanı İlkin Əhmədov, Uşaq Gənclər İnkişaf Mərkəzinin müdiri Yeganə Cəfərova və bağçanın müdiri Xalidə Sadıqova yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində uşaqların iştirakı ilə hazırlanmış maraqlı səhnəciklər nümayiş olunub, polis əməkdaşlarına və svetofora həsr olunmuş şeirlər, mahnılar səsləndirilib. Bu cür tədbirlər uşaqların həm əylənməsinə, həm də gələcəyin məsuliyyətli piyadaları kimi yetişməsinə böyük töhfə verir.
Ruslan Məmmədov
