ELAZ.İNFO xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni ali rəhbəri Müctəba Xameneyiyə ünvanladığı məktubda bu seçimi yüksək qiymətləndirib. Dövlət başçısı Müctəba Xameneyinin ali posta gətirilməsini İran xalqının birliyinin göstəricisi adlandırıb.
Prezidentin dəftərxanası tərəfindən yayılan məktubda Pezeşkian yeni liderə olan inamını ifadə edib: “Sizin bu vəzifəyə seçilməyiniz İslam Respublikasının bütün xalqının iradəsinin ifadəsi və onun birliyinin göstəricisidir.” Prezident qeyd edib ki, Müctəba Xameneyinin “müdrik rəhbərliyi” sayəsində ölkə qarşısında duran cari problemlərin həlli mümkün olacaq.
Bu müraciət Müctəba Xameneyinin hakimiyyətə gəlişinə qarşı daxili və xarici tənqidlərin (xüsusən “sülalə varisliyi” ilə bağlı) fonunda xüsusi əhəmiyyət kəsb edir. Prezidentin bu dəstəyi hökumət ilə ali rəhbərlik arasında tam koordinasiyanın davam edəcəyinə dair mesaj kimi qiymətləndirilir.
Xatırladaq ki, Müctəba Xameneyi bu gün Tehranın Engelab meydanında keçiriləcək mərasimdə rəsmən and içərək fəaliyyətə başlayacaq.
Ruslan MƏMMƏDOV