ELAZ.İNFO xəbər verir ki, İranın yeni ali rəhbəri Müctəba Xameneyinin sadiqlik andı içmə mərasimi bu gün Tehranın mərkəzində baş tutacaq. Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Təntənəli tədbirlər Tehranın simvolik məkanlarından birində təşkil olunub: Tehranın mərkəzində yerləşən Engelab (İnqilab) meydanı. Yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 15:30-da) başlayacaq. Bu mərasim Müctəba Xameneyinin ali rəhbər (rəhbər-e moəzzəm) statusunu rəsmiləşdirən sadiqlik andından ibarətdir.
Ekspertlər Şurası tərəfindən yekdilliklə seçilən Müctəba Xameneyinin andiçmə mərasiminə yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin və din xadimlərinin qatılacağı gözlənilir. Engelab meydanında keçirilən bu tədbir yeni liderin xalq və sistem qarşısında ilk rəsmi çıxış platforması olacaq.
Xatırladaq ki, Müctəba Xameneyi mərhum Ayətullah Əli Xameneyinin oğludur və bu təyinatla İran tarixində yeni bir siyasi mərhələ başlayır. ELAZ.İNFO Tehrandakı hadisələrin gedişatını operativ şəkildə izləməyə davam edir.
Ruslan MƏMMƏDOV