ELAZ.İNFO info xəbər verir ki, Krasnodar alimləri mövsümi allergiya (pollinoz) ilə mübarizədə inqilabi bir üsul üzərində çalışırlar. Kuban Dövlət Tibb Universitetinin (KubGMU) mütəxəssisləri insanın genetik xüsusiyyətlərinə əsaslanaraq allergiyanın erkən diaqnostikası metodunu hazırlayırlar.
Tibb elmləri doktoru, professor İvan Pavlyuçenkonun sözlərinə görə, tədqiqatın əsas məqsədi orqanizmin müdafiə-adaptasiya sistemlərinin, xüsusən də immun cavab tənzimləyicilərinin əsas genlərini öyrənməkdir. DNT analizi vasitəsilə insanın allergiyaya meylliliyi hələ simptomlar yaranmamışdan aşkar ediləcək. Müalicə xəstənin genotipinə uyğun olaraq hüceyrə səviyyəsində aparılacaq ki, bu da effektivliyi dəfələrlə artırır.
Tədqiqatın nəticələri əsasında xüsusi diaqnostik panelin prototipi yaradılacaq. Bu metodun tətbiqi bir neçə səbəbdən həyatı asanlaşdıracaq: Allergiya əmək qabiliyyətini aşağı salır və səhiyyə sisteminə yükü artırır. Bəzi regionlarda (məsələn, Krasnodarda) əhalinin 45%-ə qədəri tozcuq allergiyasından əziyyət çəkir. Xəstəliyin gedişat xarakterini öncədən proqnozlaşdırmaq mümkün olacaq.
Layihə üzərində təcrübəli professorlarla yanaşı, tələbələr və hətta məktəblilərdən ibarət fənlərarası komanda çalışır. Tədqiqat Kuban Elm Fondunun dəstəyi ilə “Uzunmüddətli və aktiv həyat” milli layihəsi çərçivəsində həyata keçirilir.
Ruslan MƏMMƏDOV