ELAZ.İNFO xəbər verir ki, Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində balkar xalqının qədim mədəniyyətini əks etdirən nadir keçə xalçalar — kiyizlərdən ibarət sərgi açılıb. “Balkariya torpağımın hərarəti” adlı sərgi Balkar xalqının Dirçəliş Gününə həsr olunub.
Respublikanın Milli Muzeyində təşkil olunan sərginin mərkəzində Elbrus rayonunun Yuxarı Baksan kəndindən olan ustad sənətkar və pedaqoq Ezethan Cappuyevanın kolleksiyası dayanır. Sərgidə 30-a yaxın qədim keçə xalça nümayiş etdirilir. Bu, dağ kəndlərində qədim dövrlərdən bəri qadınlar tərəfindən hazırlanan ənənəvi balkar keçə xalçalarıdır. Sərgidə xalçalarla yanaşı, onların hazırlanmasında istifadə olunan qədim alətlər və keçənin hazırlanma prosesini göstərən böyük instalyasiya da yer alıb.
Sərginin açılışı təsadüfi seçilməyib. Martın 28-i Balkar xalqının Dirçəliş Günü kimi qeyd olunur. 1957-ci ilin bu günündə balkar xalqı 13 illik sürgün həyatından sonra öz tarixi vətənlərinə qayıtmaq hüququ qazanıb. Məhz bu tarixdən sonra Kabarda-Balkar MSSR yenidən bərpa edilib. Hazırda bu gün respublikada qeyri-iş günü hesab olunur.
Ezethan Cappuyeva açılışda qeyd edib ki, əsas məqsəd əcdadlardan qalan bu sənəti qorumaq və gənc nəsillərə ötürməkdir. Kabarda-Balkar Respublikasının mədəniyyət naziri Muhadin Kumaxov da gəncləri bu isti və gözəl sərgi ilə tanış olmağa çağırıb.
Ruslan MƏMMƏDOV