Zamanın və Rəqəmlərin Olmadığı Dünya

Dünya nə qədər rəqəmsallaşsa da, Braziliyanın Amazon meşələrində elə bir icma var ki, onlar üçün “dünən” və “sabah” anlayışı yoxdur, rəqəmlər isə sadəcə lazımsız bir yükdür. Bu, cəmi bir neçə yüz nəfərdən ibarət olan Piraha qəbiləsidir.

ELAZ.İNFO xəbər verir ki, antropoloqlar və dilçilər bu qəbiləni “dünyanın ən qəribə xalqı” adlandırırlar. Onların mədəniyyəti müasir sivilizasiyanın təməl prinsiplərinə meydan oxuyur. Piraha dilində rəqəmlər mövjud deyil. Onlar “bir”, “iki” və ya “yüz” demirlər. Cəmi iki anlayışları var: “bir az” və “çox”. Əgər bir Piraha sakini ovdan qayıdırsa, o, neçə balıq tutduğunu demir, sadəcə balığın az və ya çox olduğunu bildirir. Maraqlıdır ki, bu xalqın dilində rəngləri ifadə edən müstəqil sözlər də yoxdur; onlar rəngləri “qan kimi” (qırmızı) və ya “yarpaq kimi” (yaşıl) ifadələri ilə təsvir edirlər.

Piraha mədəniyyətinin ən sarsıdıcı tərəfi “indiki zaman” fəlsəfəsidir. Onların dilində keçmiş və gələcək zaman şəkilçiləri yoxdur. Onlar yalnız gördükləri və yaşadıqları an haqqında danışırlar. Yaddaş: Onlar ulu babalarının adlarını bilmirlər, çünki şahid olmadıqları heç bir şeyi yaddaşda saxlamırlar. Qayğısızlıq: Onlar gələcək üçün qida ehtiyatı yığmırlar. “Sabah ac qala bilərəm” qorxusu bu qəbilədə mövcud deyil.

Piraha üzvləri bizim bildiyimiz mənada 8 saatlıq yuxu rejiminə sahib deyillər. Onlar inanırlar ki, uzun müddət yatmaq insanı dəyişdirir və sən oyananda artıq köhnə adam olmursan. Ona görə də gün ərzində 15-20 dəqiqəlik qısa fasilələrlə yatırlar. Bir-birlərinə gecə xeyirə qalsın demək əvəzinə, “yatma, ilanlar var” deyirlər. Bu qəbiləni uzun illər araşdıran dilçi Daniel Everett qeyd edir ki, Pirahalar arasında depressiya, stress və ya intihar kimi anlayışlar yoxdur. Onlar mülkiyyətə bağlı deyillər, rəqabət aparmırlar və hər şeyi paylaşırlar. Onların xoşbəxtliyinin sirri “an”da qalmaq bacarığıdır. Heç bir dini inancları yoxdur, çünki görmədikləri bir “tanrı”ya inanmağı məntiqsiz hesab edirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights