Azərbaycan dünyanın güc mərkəzlərindən biridir

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə

1919-cu ildə böyük çətinliklərdən sonra Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransına qoşula bildi. Erməni tərəfi gənc Azərbaycan Respublikasına qarşı hər cür böhtanlardan istifadə etdi, amma öz istəyinə çata bilmədi. Həmin ilin mayın 28-də ABŞ-ın Prezidenti Vudro Vilson könülsüz şəkildə Azərbaycan nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşova müraciətində:” Kartli, Kaxetiya, İmeretiya Georgiya məlum, Hayastan dünəndən məlum, bəs bu Azərbaycan harda çıxdı?” -deyə soruşdu.

Aradan illər keçdi, nəhəng sovet dövləti çokdü, ermənilərin növbəti dəfə Azərbaycan torpaqlarına iddiakarı eşidilməyə başladı, ABŞ ermənilər üçün göz yaşı tökdü, Azərbaycanın haqqını heç vaxt tanımadı. Erməni lobbisi və erməni diasporu az qala bütün dünyanı inandırdı ki, Qafqaza ən sonuncu gələn türklərdir, onlar qaniçəndirlər, erməniləri blokadaya salan da türklərdir. Beləliklə, uzun illər ermənilər öz yalan təbliğatı ilə bizə qarşı düşmən cəbhəsini yarada bildilər. Amma bu ermənilər üçün müvəqqəti uğur oldu.

44 günlük Vətən Müharibəsi erməni mifini darmadağın etdi. Düşmən məğlub edildi, uzun illər işğala məruz qalan şəhər və kəndlərimiz azad edildi, düşmənin insanlığa sığmayan cinayətləri dünyaya bəyan edildi. Azərbaycan öz tarixində ilk dəfə yurd yeri verdiyi erməniləri öz tarixi torpaqlarından müzəffər Ali Baş Komandanın rəhbərliyi altında çıxarmağa müvəffəq oldu, Azərbaycan əsgəri bütün dünyaya qəhrəmanlığını sübut edə bildi. 1923-cü ildə Azərbaycan torpaqlarında sovet Rusiyası tərəfindən yaradılan Muxtar qurum tarixin arxivinə göndərildi. Ermənilərin qəddarlığını görmək istəməyən və göz yaşına aldananlar Azərbaycanın haqq işinə qarşı dəridən-qabıqdan çıxdılar. Fransa bu qarayaxmalarda birinci oldu. Amma bu heç bir dövlətə uğur gətirmədi, çünki Ermənistan rəhbərliyi özü etiraf etdi ki, Qarabağ Azərbaycana məxsusdur. Hər addımbaşı Ermənistanı müdafiə edən Bayden hökuməti heç nəyə nail ola bilmədi. ABŞ-da hakimiyyət dəyişikliyi Azərbaycanın qazandığı uğurlara yaşıl işıq yandırdı. Tramp hakimiyyəti qalib Azərbaycana münasibətdə yeni təfəkkürü ortaya qoydu. 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında bağlanması səbrsizliklə gözlənilən sülh müqaviləsi Prezident Trampın iştirakı ilə Vaşinqtonda paraflandı. ABŞ-ın Prezidenti Prezident İlham Əliyev haqqında ən xoş sözləri dəfələrlə dilə gətirdi. Vaxtilə Azərbaycanı tanımayan ABŞ illər sonra qalib Azərbaycanın dövlət başçısını qalib kimi qəbul etdi, ona ehtiram göstərdi. Bax, yeni Azərbaycan budur, qalib Azərbaycan budur. Dünənə qədər Cənubi Qafqazın işğala məruz qaldığı Azərbaycan dövləti bu gün təkcə Cənubi Qafqazın yox, təkcə bölgənin yox, Avropanın enerji siyasətində, dünyanın Qərb və Şərq marşrutlarının tamamlanmasında öndə gedən dövlətlərindən biridir. Vaxtilə 907-ci düzəlişi ilə bizə yardım etməkdən imtuna edən ABŞ Azərbaycanın yanacağı olmadan Avropanın əksər dövlətlərinin hansı çətunliklərlə üz-üzə dayanacağının canlı şahidləridir. Azərbaycan ümummilli lider Heydər Əliyevin sözləri ilə desək parlayan Günəşdir. Azərbaycanın uğuruna sevinməyən dövlətlər hələ də var, amma bu uğurun qarşısını almağa qadir olan heç bir qüvvə yoxdur.

ABŞ-ın Vitse-prezidenti Vensin Azərbaycana səfəri göstərdi ki, Azərbaycan etibarlı tərəfdaş, dünyada əmin-amanlığın qorunmasına töhfə verən dövlətlərin sırasında yer alır. Azərbaycanla ABŞ arasında Strateji Əməkdaşlıq haqqında Xartiyanın imzalanması və keçən dövr ərzində ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısı haqqında xoş ifadələri onu göstərir ki, dünya siyasətində həm Azərbaycanın, həm də Azərbaycan Dövlət başçısının öz yeri var.

Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu -TRİPP layihəsidir. Vitse-prezidentin Azərbaycana səfəri tarixi hadisə olmaqla yanaşı, təhlükəsizlik və əməkdaşlıq məsələlərində Azərbaycanla ABŞ arasında münasibətlərin yeni dövrə keçməsinə əyani sübutdur. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.

ABŞ-la Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyada aşağıdakı məsələlər öz əksini tapır: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit, İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt və Rəqəmsal İnfrastruktur, Təhlükəsizlik Əməkdaşlığı,İnstitusional Çərçivə və Tətbiq.

ABŞ-ın Vitse- prezidentinin Azərbaycana səfəri onu göstərir ki, Azərbaycan dünyanın güc mərkəzlərindən biri olmaqla, sülh və əməkdaşlığa töhvə verən dövlətlərin cərgəsində layiqli yerini tutur.

Anar İSGƏNDƏR

Millət Vəkili

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights