Kuba Səhiyyəsi Çökür: ABŞ-ın Yanacaq Blokadası Xəstəxanaları İşıqsız və Dərmansız Qoyub

Kuba rəsmiləri ölkənin səhiyyə sisteminin tamamilə iflic olmaq təhlükəsi ilə üz-üzə qaldığını bəyan ediblər. ABŞ-ın yanacaq tədarükünə tətbiq etdiyi sərt blokada təcili yardım maşınlarının hərəkətini dayandırıb, xəstəxanalarda isə əməliyyatlar qaranlıqda keçirilir.

ELAZ.İNFO xəbər verir ki, Kubanın Səhiyyə naziri Xose Anxel Portal Miranda “Associated Press” agentliyinə verdiyi müsahibədə vəziyyətin “humanitar fəlakət” həddində olduğunu bildirib. Nazirin sözlərinə görə, ABŞ-ın sanksiyaları artıq sadəcə iqtisadiyyata deyil, birbaşa insanların həyatına zərbə vurur.

Blokadanın yaratdığı enerji krizi ən çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir edib: 16 000 xərçəng xəstəsi radioterapiya ala bilmir; 12 400 nəfər kimyaterapiya müalicəsindən məhrum olub; Ümumilikdə 5 milyon xroniki xəstənin müalicəsi sual altındadır.

Yanacaq çatışmazlığı səbəbindən elektrik kəsintiləri daimi xarakter alıb. Bu, yüksək texnologiyalı tibbi avadanlıqların (KT, laboratoriya testləri) işini qeyri-mümkün edir. Nazir qeyd edib ki, həkimlər artıq müasir texnologiyadan imtina edərək daha bəsit və primitiv müalicə metodlarına müraciət etməli olurlar.

Vəziyyətin kəskinləşməsi ABŞ Prezidenti Donald Trampın yanvar ayında imzaladığı yeni fərmanla bağlıdır. Bu fərmana əsasən, Kubaya neft satan və ya çatdıran istənilən ölkəyə qarşı ağır tariflər tətbiq edilir. Venesuela, Meksika və Rusiyadan gələn neft tankerlərinin qarşısının alınması adada enerjinin 60%-ni idxal hesabına təmin edən sistemi çökdürüb.

Hazırda Kubada təcili yardım xidmətləri demək olar ki, dayanıb, dərmanlar isə yalnız “qara bazar”da tapılır. Hökumət klinikaların damına günəş panelləri quraşdıraraq vəziyyətdən çıxmağa çalışsa da, bu, milyonlarla insanın ehtiyacını qarşılamaq üçün kifayət deyil.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights