Yəqin bilirsiniz ki, SSRİ dağılandan sonra bütün sovet respublikalarında olduğu kimi Rusiyada da dövlət mülkiyyəti özəlləşdirildi. Rusiyada hətta strateji sənaye obyektləri də (energetika, neft-qaz və filiz hasilatı, metallurgiya, müdafiə sənayesi və s.) özəlləşdirildi. Bu obyektlərin əksəriyyətində icraçı direktorlar Rusiya vətəndaşları olsalar da səhmlərinin nəzarət paketi xarici şəxslərin əlinə keçdi. Əslində, özəlləşdirmə elə buna görə təşkil olunmuşdu. Bu ayrı söbətin mövzusudur…
Rusiya Ukraynada müharibəyə başlayanda xarici iqtisadi sanksiyalara məruz qalması səbəbindən idxalı əvəzləyən sənaye sahələrinin genişləndirilməsinə və ya yenidən qurulmasına həyati zərurət yarandı. Lakin mövcud oliqarxların bir çoxu buna müxtəlif yollarla mane olmağa çalışdılar. Ona görə ki:
-oliqarxlar şirkətlərinin ABŞ və Avropa sansiyalarına məruz qalmasını istəmirdilər (idxal-ixrac məhdudiyyətləri, şirkətin hesablarının dondurulması və s.);
-oliqarxlar şəxsən sanksiyalara məruz qalmaq istəmirdilər (xarici banklardakı hesablarının dondurulması, xaricdəki villaları, yaxtaları və s. əmlaklarının həbs edilməsi, özünün və ailə üzvlərinin xaricə gedə bilməməsi və s.);
-şirkətin xarici səhmdarlarının məqsədli şəkildə ölkə daxilində investisiya qoyulmasına mane olurdular.
2022-ci ilin ortalarında Qərbin tətbiq etdiyi misilsiz sanksiyalardan sonra Rusiya müdafiə sənayesi problemlərini həll etmək üçün Xüsusi Koordinasiya Şurası yaratdı (sədri baş nazir M.Mişustin) və ona fövqəladə səlahiyyətlər verdi. Bu Şura vasitəsilə sabotaj edən şirkətlər milliləşdirilməyə başlandı. Artıq onlarla strateji zavod milliləşdirilib, yüzlərlə korrupsiyalaşmış məmurlar (nazir və müavinləri, qubernator və müavinləri və s.), biznesmenlər həbs edilib. Bu proses getdikcə daha da genişlənir və dərinləşir…
Müharibə özəlləşmənin ölkə iqtisadiyyatına vurduğu dəhşətli, az qala ölümcül zərbənin nəticələrini açıq-aydın göstərdi. Bu da ayrı söhbətdir…
Rusiyada anlamağa başlayıblar ki, ölkənin strateji obyektləri özəlləşdirilə bilməz. Özəlləşdirilsə də, onların nəzarət paketi dövlətin əlində olmalıdır.
3 gün əvvəl isə Rusiya Konstitusiya Məhkəməsi qərar qəbul etdi ki, qanun pozuntusu ilə aparılmış özəlləşdirmə nəticələrinin ləğv edilməsi üçün iddia müddəti yoxdur. Yəni bundan sonra obyekti milliləşdirmək üçün fövqəladə səlahiyyətlərə ehtiyac yoxdur, sadəcə qanundan istifadə ediləcək.
Bu qərar bir inqilabdır. Bu oliqarxların hakimiyyətinin sonunun başlanması deməkdir. Çünki Rusiyada istisnasız olaraq bütün iri sənaye obyektləri qanun pozuntusu ilə özəlləşdirilib. Beləliklə, Rusiya liberal, daha doğrusu, müstəmləkə iqtisadiyyatı ilə vidalaşır.
Yaxın 2-3 ildə Rusiya elitası tam dəyişəcək.
Asif ŞƏFƏQQƏTOV