Vaşinqtonda Prezident İlham Əliyevin mühafizəçilərinin hərəkətləri qanuni və əsaslıdır

ELAZ.İNFO

Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qaldığı otelinin yanında baş vermiş insidentlə əlaqədar sosial şəbəkələrdə yayılan bir neçə vedoeyazıya baxdıqdan sonra gəldiyim nəticə budur.

Videoyazıların bəzilərində əvvəlcə prezidentin təhlükəsizlik xidməti əməkdaşlarının (mühafizəçiləri şüar deyən və şəkil çəkən aksiyaçılara müdaxilə etmədən prezidentin keçəcəyi yolu və təhlükəsizlik məkanını nəzarət altında saxladığı, yalnız bir nəfərin qəflətən prezidentin keçəcəyi yola tərəf qaçması zamanı hərəkətə gəldiyi və həmin şəxsin təhlükəsizlik məkanına daxil olmasının qarşısını almaq üçün ona münasibətdə fiziki güc tətbiq etdiyi, ondan sonra isə şüar deyib şəkil çəkə-çəkə  prezidentin keçəcəyi yola yaxınlaşmaq istəyən bir neçə aksiyaçını fiziki güç tətbiq etmədən təhlükəsiz məsafəyə uzaqlaşdırdığı görünür, bu zaman ədəbsiz ifadələr və söyüşlər açıq-aydın eşidilir.

Videyazıların digərlərində isə prezidentin keçəcəyi yolun yaxınlığında mühafizəçilər tərəfindən bir nəfərə fiziki güç tətbiq edilməsi və şüar deyib şəkil çəkə-çəkə girişə yaxınlaşmaq istəyən bir neçə aksiyaçının müəyyən məsafəyə qədər uzaqlaşdırılması göstərilir. Və dərhal sonra aksiyanın mərsədi barədə onun təşkilatçılarından birinin və barəsində fiziki güc tətbiq edimiş şəxsin açıqlamaları və digər şərhlər verilir. Bu videoyazıların montaj edildiyi adi gözlə də görünür.

Belə videoyazılar adətən “İlham Əliyevin mühafizəçiləri dinc aksiyanı zorakılıqla dağıtdılar”, “siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaçıları vəhşicəsinə döydülər”, “xarici ölkənin ərazisində qudurğanlıq etdilər” və s. bunlara oxşar ifadələrlə müşaiyət olunur. Xarici mediada da məhz yuxarıdakı həmin 2 epizoda aid fotoşəkillər tirajlanır.

Əlbəttə hər bir kəsin dinc aksiya keçirmək, müxtəlif şüarlar, o cümlədən prezidentin eşidə biləcəyi şəkildə şüarlar səsləndirmək, siyasi məhbus hesab etdiyi şəxslərə azadlıq istəmək hüququ var və bu heç kimdə şübhə doğurmur. Lakin insan hüquq və azadlıqları qeyri məhdud xarakter daşımır, başqasının (başqalarının) hüquqlar və azadlıqları ilə sərhədlənir. Yəni  başqasının (başqalarının) hüquqları başladığı yerdə sənin hüquqların bitir. Buna görə də insan hüquq və azadlıqlarının həyata keçirilməsi normativ qaydada sərt və ya nisbətən mülayim şəkildə nizamlanır. Bu insan hüquqları nəzəriyyəsinin aksiomudur.

Hər bir insanın təhlükəsiz yaşamaq, mümkün təhlükələrdən qorunmaq hüququ da var. Prezident  dövlət başçısı olduğu və dövləti təmsil etdiyi üçün hansı məkanda olmasından asılı olmayaraq xüsusi qaydada qorunur. Bu qayda təkcə İlham Əliyevə deyil, bütün prezidentlərə aiddir. Ona görə də prezidentin keçəcəyi yollarda, yaşadığı yerlərdə ciddi təhlükəsizlik tədbirləri görülür.

ABŞ prezidentləri Avraam Linkoln, Ceyms Qarfild, Uilyam MkKinli və  Con Kennedi, İsveçin baş naziri Ulof Palme, Hindistanın baş naziri İndira Qandinin necə öldürülməsini  xatırlatmaq olar.

Kütləvi tədbirlər və aksiyalar zamanı prezidentlərin təhlükəsizlik tədbirləri daha da güçləndirilir. Çünki bu cür tədbirlərdə (aksiyalarda) silahlı adamların, terrorçuların prezidentlərə yaxınlaşmaq və sui-qəsd imkanları çoxalır. Bu baxımdan prezidentin olduğu və keçəcəyi yerlərdə təhlükəsizlik məkanlarının (zolaqlarının) yaradılması və həmin məkana zorla daxil olmaq istəyən şəxslərə leqal fiziki güc tətbiq etməsi tamamilə təbii qarşılanmalıdır və qanunidir.

Vaşinqtindakı insidentlə əlaqədar montaja məruz qalmamış videoyazıdan açıq-aşkar görünür ki,  Azərbaycan Prezidentinin mühafizəçiləri  şüarlar səsləndirən və şəkillər çəkən aksiyaçılara heç bir müdaxilə etmədən və güc tətbiq etmədən onların təhlükəsizlik məkanına yaxınlaşmasına imkan vermirlər. Yalnız aksiyaçıların sırasında görünməyən bir şəxsin qəflətən qaçaraq təhlükəsizlik məkanına keçmək üçün cəhd göstərməsi (belə cəhdlər mühafizə olunan obyekt üçün müxtəlif təhdidlər törədə bilər) ona qarşı fiziki gücün tətbiqi üçün əsas olub və həmin şəxsin hərəkətinin qarşısı alındıqdan sonra sərbəst buraxılıb. Eyni zamanda şüar deyən və şəkil çəkən aksiyaçıların təhlükəsizlik məkanına yaxınlaşmağa cəhdlərinin qarşısı fiziki güc tətbiq edilmədən alınıb və onlar təhlükəsizlik məkanından uzaqlaşdırıldıqdan sonra mühafizəçilər xidmət etdikləri yerə geri qayıdaraq öz vəzifələrinin icrasını davam etdiriblər. Başqa sözlə, prezidentin mühafizəçiləri qorunması onlara həvalə edilmiş təhlükəsizlik məkanından kənara çıxmayaraq, həmin məkana zorla daxil olmaq istəyənləri oradan uzaqlaşdırıblar. Bu zaman təhlükəsizlik məkanına daxil olmaq istəsə də mühafizəçilərin gəldiyini görüb oradan uzaqlaşan aksiya iştirakçılarına toxunulmur və onlara fiziki güc tətbiq olunmur. Fiziki güc yalnız mühafizəçilərə müqavimət göstərən, nəyin bahasına olursa olsun, o cümlədən zorla prezidentin təhlükəsizlik məkanına daxil olmaq istəyən şəxslərə münasibətdə tətbiq olunur. Bu cür şəxslərə münasibətdə fiziki güç tətbiqi tamamilə qanuni və əsaslıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları öz xidməti səlahiyyətləri çərçivəsində peşəkarlıqla hərəkət ediblər.

Sözardı: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  qarşı Münhen Təhlükəsizlik Konfransında, ardınca Vaşinqtonda edilən hərəkətlərin bir mərkəzdən idarə olunduğu açıq-aydın görünür.

             Qulamhüseyn ƏLİBƏYLİ

Sabiq millət vəkili, BDU-nun Konstitusiya

hüququ kafedrasının baş müəllimi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights