Ətrafımızdakı “parıltılı maskalılar”ın çoxluğunu görürük

Bu gün ətrafımızda özünü müqəddəs, ədalətli və əxlaqlı biri kimi təqdim edən çoxlu “parıltılı maskalı” insanlar var. Onlar sanki yüksək dəyərlərin, vicdanın, ədalətin və mənəviyyatın təmsilçiləridir. Lakin bu maskanın altında gizlənən həqiqət tamamilə fərqlidir, riyakarlıq, saxtakarlıq, ikiüzlülük və şəxsi mənfəət. Belə şəxslərin xüsusiyyəti ondadır ki, onlar sözlərlə insanları aldatmağı bacarır, amma əməlləri hər zaman onların iddia etdiyi dəyərlərlə ziddiyyət təşkil edir.

Düşünün ki, dilində ədalətdən danışan, gizlində isə haqsızlıqlara əl atan, dürüstlük tələb edən, özü isə yalanla nəfəs alan, insanlara mənəviyyat dərsi keçən, amma şəxsi həyatı əxlaqsızlıq üzərində qurulan insan… Bu, riyakarlığın və ikiüzlülüyün ən açıq nümunəsidir. Bu cür insanlar ictimaiyyət qarşısında özlərini mömin, vətənpərvər, xeyirxah kimi göstərməkdən çəkinmirlər. Lakin gerçək niyyətləri yalnız şəxsi maraqlar, mənfəət və imic qazanmaq üzərində qurulub. Onlar xeyirxahlığı, yardım etməyi sanki böyük bir “şou”ya çevirir, amma əslində bu işləri həqiqi ehtiyacı olan insanlara deyil, özlərini yücəltmək və başqalarına üstün görünmək üçün edirlər.

Riyakarlıq təkcə başqalarını aldatmaqla kifayətlənmir, o, həm də özünü qorumağın vasitəsidir. Bu insanlar heç vaxt öz səhvlərini etiraf etməz, günahı başqalarının üstünə atmaqda ustalıq göstərir, özlərinə heç bir məsuliyyət götürmürlər. Onlar dərs keçməyi sevir, amma öz həyatlarında bir addım belə dürüstlük görmək mümkün deyil. Amma unutmayaq ki, riyakarlıq uzun müddət davam edə bilməz.

Cəmiyyət zamanla bu saxtakar üzləri görür və belə insanlar tək qalırlar. Onların “parıltılı” imici əriyir, sözləri boşluq olaraq qalır, və onların arxasında yalnız qaranlıq niyyətlər, saxtakarlıq və ikiüzlülük qalır. Əsl dəyər isə sözlərdə deyil, əməllərdədir. İnsanları aldatmaq mümkündür, amma həqiqəti əbədi gizlətmək mümkün deyil. Dürüstlük, səmimiyyət və vicdan yalnız müvəqqəti uğur gətirməyəcək, əksinə insanı əsl hörmətə və uzunmüddətli nüfuza çatdıracaq. Riyakarlıqla və saxtakarlıqla yaşamaq isə yalnız fəlakətə aparan yoldur.

Bu gün ətrafımızdakı “parıltılı maskalılar”ın çoxluğunu görürük. Onları ifşa etməli, açıq şəkildə tanımalı və dəyərləri əməllə yoxlayan əsl insanları önə çəkməliyik. Çünki yalnız dürüstlük və səmimiyyət əsl güc və hörməti gətirir, saxtakarlıq isə bir gün özünü içindən yeyəcək və insanı tərk edəcək.

Əli İbrahimov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights