Almaniyada Azərbaycan Kinosu: Berlində “Zəfər Rəqsi”

ELAZ.İNFO xəbər verir ki, Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Kino Günləri keçirilib. Tədbir Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi, ölkəmizin Almaniyadakı Səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini icra edən İsa Məmmədov çıxış edərək, bu cür layihələrin Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün böyük platforma olduğunu vurğulayıb.Xalq artisti Mehriban Zəki isə müasir Azərbaycan kinosunun uğurları və milli ekran əsərlərinin xarici auditoriya ilə görüşməsinin vacibliyi barədə fikirlərini bölüşüb.

Kino günləri çərçivəsində “Zəfər rəqsi” filmi tamaşaçılara təqdim olunub. Filmin ideya müəllifi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva ekran əsərinin beynəlxalq nümayiş turunun məhz Berlindən başlamasını əlamətdar hadisə adlandırıb. Filmin nümayişindən sonra tədbir iştirakçıları — yerli sənətsevərlər, kino tənqidçiləri və diaspor nümayəndələri arasında şəbəkələşmə görüşü təşkil olunub. Görüşdə Azərbaycan və Almaniya kino sahəsi arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights