Qəbələ rayonu, Əmirvan kəndində Albaniya dövrünə aid qeyri adi məzar daşı

ELAZ.İNFO

Qəbələ rayonu, Əmirvan kəndi eramızdan öncə qədim Albaniya dövlətinin tərkibində olub. Kəndin mənası Əmir obası, yurdudur.

Kənd adının sonunda “-van” sözü qədim Albaniya dövlətindən işlədilmiş sözdür hansı ki, “-stan” sözü ilə oxşar mənalıdır. Rusiya işğalı dövründə kiçik bir erməni ailəsi burda yaşayıb və onlar öz xislətlərinə uyğun Alban memarlığı və ənənələrini dərhal öz adlarına çıxmağa başlayıblar. Eləcə də orda olan qədim xristian xaç forması üzərində olan məzar daşlarını ” qədim erməni” məzarları kimi təqdim etməyə cəhd edirlər.

İndi isə gəlin bu məzar daşının üzərində olan simvollara nəzər yetirək.Daşın üzərində dörd ədəd dairəvi çərçivəyə alınmış xaç təsviri var. Qeyd edim ki, xristianlıqdan əvvəlki dövrlərdə, türk inancında bu tip “təkər xaçlar” günəşi və həyat dövrünu təmsil edirdi. Xristianlıq yayıldıqca bu qədim formalar dini simvollara çevrildi.

Xaçların qollarının mərkəzdən kənara doğru genişlənməsi Albaniyanın memarlıq abidələrində və daş kitabələrində, Mingəçevir kilsə kompleksi, Ləkit məbədi və s tez-tez görünən bir formadır.

Dairə daxilindəki dördqollu simvol qədim Türk inancında Günəşi, dünyanı və dörd istiqamətini təmsil edir. Hunlar, Göytürklər və Xəzərlər dövründə bu simvol taleyin çarxı və kainatın nizamı kimi qəbul edilir. Əlbətdə, ermənilər bu simvolların onlara məxsus olmadığını gözəl bilirlər. Çünki bu məzar daşı ermənilərə aid olsa idi, çoxdan onu ordan oğurlayıb aparıb, muzeylərində qədim “erməni” abidəsi kimi təqdim edərdilər. Lakin onlara başa düşürlər ki, dünyada peşəkar insanlar var və muzeydə bunu görsələr dərhal başa düşəcəklər ki, daş qədim türk simvollarıdır.

Ermənilər bilirlər ki, Alban xaçlarının uclarının genişlənməsi və dairə daxilində olması Türk simvolikası olan dağ çiçəyi və ya günəş motivləridir. Ona görə də həyasızlıq etməyin yeri olmadığını başa düşüb, sakitcə üstündən keçiblər. Onlar yaxşı bilirlər ki, Türklər öz damğalarını müqəddəs saydıqları üçün onları qəbir daşlarına, qayalara və məişət əşyalarına həkk edirdilər.

Epiqrafik abidələri tədqiq edənlər yazırlar ki, İslam dinindən öncə, Türklər ölülərini dəfn edərkən baş tərəfinə belə nişanə daşları qoyurdular. Bu ənənə sonradan xristian və islam dövrlərində də öz formasını dəyişərək davam etmişdir.

Böyük ehtimalla bu məzar daşı Albaniya dövründə xristianlığı qəbul edən şəxsə aiddir. Onun etnik kimliyini isə simvolun həm xristian xaçını, həm də qədim Türkün günəş simvolunu eyni anda ifadə etməsi təsdiq edir. Bu, din dəyişsə də, mədəni yaddaşın qalması kimi qəbul edilə bilər .

Daşın forması diqqətlə baxdıqda insan çiynini və başını xatırladır. Bu, qədim “Balbal”, türk heykəl-qəbir daşları ənənəsini xatırladır. Lakin dövrə uyğun inanca da uyğunlaşdırılıb.

Bu tip dairəvi xaçlar, Qəbələdəki qədim məbədlərin divarlarındakı oymalarla tam eynilik təşkil edir. Diqqətlə baxsanız, xaçların qolları arasındakı boşluqlar bəzən at nalına oxşayır. Bu isə türk tayfalarının bir simvoludur ki, bunu da tarixçi -epiqrafistlər təsdiq edirlər. Özü də tək bizim yox, dünyanın bütün ciddi və qərəzsiz alimləri tərəfindən

Azərbaycan bütün bölgələrində bu cürə abidələr yüzlərlə, minlərlədir. Sadəcə gedib,görüb, yazmaq lazımdır.

Zaur Əliyev

Prof.Dr.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights