Rusiyanın Krasnodar diyarının Anapa şəhərində yerləşən texnikumların birində faciəli hadisə baş verib. Tələbələrdən birinin binanın foyesində atəş açması nəticəsində ölüm və yaralanma faktı qeydə alınıb. ELAZ.İNFO xəbər verir ki, İlkin məlumatlara görə, texnikumun tələbəsi hələlik növü müəyyən edilməmiş silahla təhsil müəssisəsinə daxil olaraq atəş açmağa başlayıb. Hadisə zamanı dərhal həyəcan siqnalı işə düşüb və mühafizə xidməti operativ reaksiya verib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin verdiyi məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub, iki nəfər isə orta ağır dərəcəli bədən xəsarətləri alıb. Həlak olan şəxs texnikumun mühafizəçisidir. O, zərbəni ilk öz üzərinə götürərək təhlükə barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb və faciənin daha da böyüməsinin qarşısını alıb. Cinayəti törətməkdə şübhəli bilinən tələbə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılıb.
Krasnodar diyarı üzrə Daxili İşlər İdarəsi və Prokurorluq hadisə ilə bağlı genişmiqyaslı yoxlamalara başlayıb. Faktla bağlı cinayət işi açılıb. Bölgə rəhbəri həlak olan mühafizəçinin ailəsinə və yaxınlarına başsağlığı verib. Hazırda texnikumun ərazisi polis tərəfindən mühasirəyə alınıb, istintaq qrupu hadisənin motivlərini və silahın əldə edilmə mənbəyini araşdırır.
Ruslan MƏMMƏDOV