Tramp 31 yanvara qədər İrana qarşı hərbi təhdidi gücləndirtməklə onun güzəştə gedəcəyinə, şərtlərini qəbul edəcəyinə ümid edirdi. 30 yanvarda tam əmin oldu ki, İran geri çəkilməyəcək. Deməli, onu müharibəyə başlamağa məcbur edəcəklər. Buna görə də o, sionistlərin “kartlarını” əllərindən almaq üçün son anda bəlkə də hələ tam senzura edilməmiş “Epşteyn dosyesini” yayımladı. Beləliklə, bu dəfə İrana zərbə endirməkdən yayına bildi.
Bununla sionistlərin ona qarşı hazırladıqları bir güclü “kartını” vurdu. Düzdür, ola bilər, vurulmuş saydığı kart sənədlər tam araşdırıldıqdan sonra özünə qarşı daha güclü karta çevrilər. Amma indiki vəziyyətdə dosyenin yayımlanması ona müəyyən vaxt qazandırdı.
Lakin sionistlərin başqa kartları da var: Kuşner (onun fəaliyyətini görməyəcəyik) və KİV. Bundan sonra qlobalist KİV Trampı qızışdırmağa başlayacaq: İrandan qorxdu, həmişəki TACO-dur, İran ABŞ-ı saymır, əslində ABŞ Çindən və ya Rusiyadan qorxdu və s. və i.a. Trampın narsis xarakterini nəzərə alaraq, mətbuat ona təzyiqi artıracaq. Davam gətirəcək, ya gətirə bilməyəcək – görərik. Bircə onu bilirəm ki, Tramp intihara meylli adam deyil, çıxış yolu varsa, sonunu aydın görmədiyi riskə getməz.
Tramp müxtəlif vasitələrlə İrana qarşı müharibəni daim təxirə salacaq. Çalışacaq ki, İranla simvolik də olsa, müyyən razılaşmaya gəlsin. Bu razılaşmanı o, böyük qələbə kimi təqdim edə bilər (12 günlük müharibədə İranın nüvə proqramını darmadağın etdiyini dediyi kimi). Çox güman ki, İran, Çin və Rusiya da onun hap-gopuna göz yumacaqlar, çünki onlar üçün nəticə vacibdir, anlayırlar ki, əks halda Tramp müharibəyə məcbur edilə bilər.
Amma İsrail uşaq deyil ki, belə hap-gopa inansın. Trampın nağılları kütlə üçün nəzərdə tutulub, kəşfiyyat xidmətləri üçün yox. Trampa da kütlənin ona inanması lazımdır, çünki seçkilərin taleyini onlar həll edəcəklər.
Hadisələr bu axarda gedərsə, sionistlərin növbəti silahı sponsorluq olacaq. Bu silah, güman ki, aprel ayında işə salınacaq. O vaxta qədər sionistlər Trampın reytinqini endirmək üçün əllərindən gələni edəcəklər. Reytinqi qaldırmaq üçün milyardlarla pul lazımdır ki, bütün mətbuatı ala biləsən. Mətbuat da kimlərin əlindədir? Ritorik sualdır. Bax, bu zaman Trampın sponsorlara, həmişəki kimi AIPAC-a (American Israel Public Affairs Committee) işi düşəcək. Onlar da 2015-ci və 2024-cü illərdəki kimi Trampın qarşısında öz şərtlərini qoyacaqlar. Tramp onların şərtlərini qəbul etməyə məcbur olacaq, çünki onun seçkilərdə qalib gəlməkdən başqa seçimi yoxdur.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi