“Sazın səsi, sözün nəfəsi”

 ELAZ.İNFO xəbər verir ki, “Sazın səsi, sözün nəfəsi” adlı konsert proqramı keçirilib

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova qeyd edir ki, 2026-cı il yanvarın 28-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam mərkəzinin təşkilatçılığı ilə  Beynəlxalq Muğam Mərkəzində “Sazın səsi, sözün nəfəsi” adlı aşıqlardan ibarət konsert proqramı təşkil olunub.

Əməkdar artist, Özbəkistan Mədəniyyət elçisi Sahib Paşazadə açılışda çıxış edərək bildirib ki, bu konsert “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində ilk tədbirdir. Layihə  il boyunca ayda bir dəfə təşkil edilməklə davam edəcək.  layihəsinin məqsədi Azərbaycan aşıq mədəniyyətinin əsas sütunlarını-Klassik Aşıq sənətini, poetik forma, musiqi ifaçılığı və ustad-şəyird ənənəsini tamaşaçıya səhnə formatında təqdim etməkdir. Layihə həm maarifləndirici, həm də bədii-estetik xarakteri daşıyır. Əsas məqsədimiz Azərbaycan klassik aşıq sənətinin tarixi dəyərini geniş auditoriyaya çatdırmaq. Ustad aşıqların yaradıcılığını təbliğ etmək, gənc aşıqların çıxışına meydan yaratmaq, folklor irsinin müasir səhnədə yeni tərzdə təqdim etməkdir.

Konsert proqramında klassik aşıq havaları səsləndirilib. Aşıq Çingiz Mehtipur, Aşıq İlham Aslanbəyli, Aşıq Şaiq İncəli, Aşıq Nazim Quliyev, Aşıq Elməddin Məmmədli, Aşıq Nargilə Mehdiyeva, Aşıq Eldar Bağırov, Aşıq Əli Zeynalabdinov və Aşıq Vüqar Kamandaroğlu klassik aşıq havaları təqdim ediblər. Sonda Aşıqlardan ibarət xor ifa olunub.

Sözardı: Konsertin aparıcısı filologiya üzrə fəlsəfə doktoru, dosent, aşıqşünas İlhamə Qəsəbova bildirib ki, konsert proqramı “Sazın dörd üzü” konsepsiyası üzərində qurulur. Bu konsepsiya klassik aşıq sənətinin dörd əsas müstəvisini göstərir:  Saz-müqəddəs və ritual simvol, Saz-söz  poeziyanın daşıyıcısı, Saz-dastan tarixi yaddaşın qoruyucusu və Saz-məclis ünsiyyət və sosial birlik vasitəsi kimi.

Saz -məclis mədəniyyətində insanları bir araya gətirən, paylaşım və canlı ünsiyyət yaradan sənət nümunəsidir. Bu konsepsiya sazın toy, el şənlikləri və sənət məclislərindəki sosial-mədəni rolunu ön plana çıxarır. Musiqi ifaçılığında aşıqlarımız klassik havalara üstünlük verəcəklər.  Dilqəmi, İbrahimi, Yanıq Kərəmi, Koroğlu cəngi, Arazbarı, Cığalı təcnis, İbrahimi, Van ağzı, Sarıtorpaq və s. kimi aşıq havaları səsləndiriləcək. Ənənəyə sadiq qalaraq tədbi ustadnaməylə başlayıb, duvaqqapmayla bitiriləcək.

Onu da qeyd edib ki, bu layihə çərçivəsində Ustad sənətkarların əziz xatirələrinə ithaf olunacaq. İthaf olunacaq deyəndə biz hansısa ustad aşığın xatirə gecəsi, yaxud yaradıcılıq gecəsi keçirmirik. Sadəcə tədbir həmin ustad aşığa ithaf olunacaq. Ona bilər ki, bir proqram iki-üç aşığın xatirəsinə ithaf edilsin. İlk konsertimiz Ustad aşıq Ədalət Nəsibovun əziz xatirəsinə ithaf olunub. Solo saz ifaçılığı, dastanlarımızdan nümunələr, ifaçılıq məharəti, deyişmələr və xor lirikası da təqdim ediləcək.  Burada aşıqlar həm də aşıq poeziyasının seçilmiş parçalarını səsləndirəcəklər.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights