Çalxalanma razılığa gəlinənədək davam edəcək

Müasir dəniz quldurluğu (piratlıq)

ELAZ.İNFO xəbər verir ki, keçən ilin avqustundan Rusiya neftini daşıyan sanksiyalanmış tankerləri Baltik dənizində həbs etməyə çalışdılar. Niyə bu dənizdə? Çünki dənizin ətrafında Rusiyadan başqa hamısı NATO ölkəsidir. Bir neçə belə cəhd oldu, təfərrüatları yazmıram, amma əvvəl Rusiya piratları öz hərbi təyyarələrini göndərməklə qorxutdu, sonra isə sistemli tədbir gördü: Rusiyadan çıxan gəmiləri ya hərbi gəmi, ya da sualtı qayıq müşayiət edir. Bəzi gəmilərdə isə silahlanmış xüsusi təyinatlılar yerləşdirilir. Baltik dənizində hələlik sakitləşiblər.

Sonra Qara dənizdə iki Rusiya ticarət gəmisinə pilotsuz qayıq və dron hücumu oldu. Məsuliyyəti Ukrayna öz üzərinə götürdü. Daha sonra Aralıq dənizində Rusiya kommersiya gəmisinə dron hücumu oldu. Bu hücumu da Ukrayna öz üzərinə götürsə də onu Ukraynanın edə bilməyəcəyi aydın idi. Rusiya həm Qara, həm də Aralıq dənizindəki hücumlardan sonra Odessa limanına və ora yan alan xarici gəmilərə ağır raket-dron zərbələri endirdi.

Aydındır ki, bu hücumlar ABŞ-la razılaşdırılmadan baş verə bilməzdi. ABŞ Rusiyanın nəbzini yoxlayırdı. Bu hadisələr göstərdi ki, Rusiya öz gəmilərini qorumaq üçün hərbi qüvvədən istifadə etməyə hazırdır və Rusiyanın sərhədləri yaxınlığında bu qüvvəni tətbiq etmək imkanı var.

Çin də baş verənlərdən nəticə çıxararaq, konteynerdaşıyan gəmiləri xüsusi raket qurğuları ilə təmin etməyə başladı. Raket qurğuları digərlərindən fərqlənməyən adi konteynerlərdə yerləşdirilir, zərurət yarananda konteynerin üstü açılır və qurğu döyüş vəziyyətinə gətirilir. Çin yaxşı bilir ki, Qərbin piratlığının əsas hədəfi odur. Çünki dünyada ən böyük dəniz ticarəti Çinə məxsusdur, ABŞ öz imperiya sərhədlərindən əsasən onun gəmilərini qovmalıdır – o həm imperiya ərazisindən ən çox xammal aparan, həm də ora ən çox hazır mal gətirən ölkədir.

ABŞ Venesuela ətrafında uğurlu piratlıq edə bildi. Bu region həm Rusiyadan, həm də Çindən uzaq olduğu üçün onların öz gəmilərini hərbi yolla qorumasının hələlik effektiv (eskalasiyanı artırmayan) yolu yoxdur. Bu uğurdan ilhamlanan Tramp yavaş-yavaş eyni metodu bütün L.Amerikasına tətbiq edəcək. Bundan ən çox uduzan Çin olacaq deyə bir şey fikirləşməlidir.

Amma əsas dava L.Amerikası üstündə olmayacaq. Tramp L.Amerikasını öz imperiyasında (makrozonasında) saxlaya biləcəyinə əmindir, lakin onunla kifayətlənmək fikrində deyil. Ondan başqa da əraziləri makrozonasına daxil etmək istəyir. Əsas dava məhz onlar üstündə olacaq. ABŞ yalnız gücdən çəkinir. Çin güc tətbiq etməkdən çəkindikcə, ABŞ onun gəmilərinin fəaliyyət dairəsini daraltmağa çalışacaq.

Qarşıda biz gəmilərin təkcə həbs edilməsini yox, batırılmasını, partladılmasını da görəcəyik. Beynəlxalq ticarət xaosa doğru gedir. Beynəlxalq quru yollarının əhəmiyyəti çox artacaq.

Bu çalxalanma dünyanın yenidən bölüşdürülməsi üzrə supergüclər arasında razılığa gəlinənədək davam edəcək – proses 5 il də çəkə bilər, 20 il də.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights