Qara qüvvələrin hakimiyyəti dünyanı xaosa və münaqişələrə aparır

Finlandiyanın prezidenti Aleksander Stabb dərd içindəymiş, ürəyini boşaltmağa bəhanə axtarırmış. Dünən, nəhayət, dözə bilməyib və həqiqəti deməyə məcbur olub.

ABŞ-ın “Foreign Affairs” nəşrinə:

“Dünya 4 il ərzində əvvəlki 30 illə müqayisədə daha çox dəyişdi – Soyuq Müharibədən sonrakı liberal nizam ölür, onun yerinə çoxqütblü xaos gəlir. Rusiyanın Ukraynaya qarşı müharibəsi ağır zərbə oldu. Avropa və ABŞ təsirlərini itirir, Çin və Rusiya güclülərin zəiflərə diqtə etdiyi, beynəlxalq institutların isə ikinci plana çəkildiyi çoxqütblülüyü təbliğ edirlər.

İndi yeni dünya nizamının taleyini Qlobal Cənub həll edir. Qərb artıq dünyaya, sadəcə, demokratiya öyrədə bilməz – o hakimiyyəti, pulu və BMT, BVF və ÜTT-də mövqeləri bölüşməyə məcburdur. Rusiya isə, böyük itkilərə baxmayaraq, məqsədlərinin bir hissəsinə nail oldu – Ukrayna artıq NATO-da deyil və ərazilərini itirib. Lakin əsas mübarizə döyüş meydanında deyil, Qlobal Cənubun səsləri uğrunda gedir. Kim onları öz tərəfinə çəksə – o da yeni dünyanın xaotik və münaqişəli və ya azı qismən idarəolunan olacağını müəyyən edəcək.”

Yerli MTV telekanalına:

“Reallıq budur ki, biz finlər sülhün gələcəyi, lakin son 4 il ərzində uzun-uzadı danışdığımız ədalətli sülh şərtlərinin, yəqin ki, yerinə yetirilməyəcəyi ana hazır olmalıyıq.”

Bu fikirlərdə maraqlı məqamlar:- İlk Avropa rəhbəridir ki (Viktor Orbanı istisna etsək), Qərbin Rusiyaya uduzduğunu etiraf edir.

– Birqütblü dünya nizamının işləmədiyini, Çin və Rusiyanın təbliğ etdiyi çoxqütblü dünya nizamının gücləndiyini etiraf edir.

– Qərbin Ukrayna ilə bağlı son 4 illik təbliğatının puça çıxdığını etiraf edir.

-Qərbin hazırkı hakimiyyəti, pulu və siyasi mövqeyini itirəcəyənin labüd olduğunu etiraf edir.

-Qərblə Şərq (Rusiya-Çin) arasında əsas mübarizənin Qlobal Cənubun rəğbətini qazanmaq uğrunda getdiyini etiraf edir. Əslində isə Qərb bu mübarizəni də artıq uduzub. Onu uduzmasaydı, Ukrayna müharibəsində məğlub olmazdı.

Amma təbliğat “klişe”sindən yenə əl çəkə bilmir. Ona görə “ağ” (Kollektiv Qərb) və “qara” (Rusiya-Çin) qüvvələr var. “Qara” qüvvələrin hakimiyyəti dünyanı xaosa və münaqişələrə aparır, “ağ” qüvvələrin hakimiyyəti isə dünyanı qismən də olsa idarəolunan edir. Dünya 5 əsrdir bu “ağ” qüvvələrin əsarətində yaşayıb və onun necə “yaxşı” olduğunu görüb – müstəmləkələr, etnik təmizləmələr, qlobal qul ticarəti, tiryək müharibələri, soyqırımları, kovid “pandemiyası” və s.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights