ELAZ.İNFO xəbər verir ki, son vaxtlar mətbuatda NABU sözü çox hallanır. Lakin az adam NABU-nun nə olduğunu bilir. Bu yazımda həmin boşluğu doldurmağa çalışdım.
NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) dövlət idarəetməsində korrupsiyaya qarşı mübarizə üzrə xüsusi statusa malik ali icra orqanı kimi ayrıca qanunla 2014-cü ilin oktyabrında yaradılıb, lakin 2015-ci ilin 16 aprelindən fəaliyyətə başlayıb. Onun fəaliyyətinə nəzarət 2015-ci ilin sentyabrında yaradılan, həmin ilin 1 dekabrından fəaliyyətə başlayan yenə xüsusi statuslu SAP (Xüsusi Antikorrupsiya Prokurorluğu) tərəfindən həyata keçirilir. NABU və SAP-ın araşdırdığı işlərə 2019-cu ildə yaradılmış Ali Antikorrupsiya Məhkəməsində baxılır.
Xüsusi status nədir?
İstənilən respublikada hakimiyyətin Konstitusiya ilə təsbit edilmiş 3 qolu var: ali qanunvericilik (parlament), ali icra (prezident və ya Nazirlər kabineti) və ali məhkəmə. Bütün digər dövlət orqanları bu üçlükdən birinə tabe olur. Üçlük dövlət hakimiyyətinin bütün səlahiyyət və funksiyalarını əhatə edir. Hakimiyyətin hər qolu üzrə səlahiyyətlər piramidası mövcuddur. Piramidanın təpəsində 1 şəxs və ya orqan dayanır. Bu demokratik dövlət hakimiyyətinin yüz illər ərzində təsdiqini tapmış ən effektiv sistemidir.
NABU
NABU səlahiyyət və funksiyalarına görə DİN-ə və Dövlət Təhqiqat Bürosuna paralel strukturdur. Lakin o nə DİN-ə, nə Baş prokurora, nə Baş nazirə, nə də prezidentə tabe deyil. Onun direktorunu bunlardan heç biri birbaşa təyin etmir və işdən çıxara bilmir. Deməli, hakimiyyət piramidası pozuldu.
NABU direktoru açıq müsabiqə əsasında seçilir. Müsabiqə komissiyası 6 nəfərdən ibarətdir:
-Ukrayna Nazirlər Kabineti tərəfindən müəyyən edilən şəxslər – 3 nəfər;
-Korrupsiya ilə mübarizə sahəsində Ukraynaya texniki yardım göstərmiş beynəlxalq və xarici təşkilatların təklifləri əsasında Ukrayna Nazirlər Kabineti tərəfindən müəyyən edilən şəxslər (beynəlxalq ekspertlər) – 3 nəfər.
Namizədin seçilməsi üçün onun lehinə Müsabiqə Komissiyasının azı 2-si beynəlxalq ekspert olmaqla azı 4 üzvü səs verməlidir. Beynəlxalq ekspertlər ABŞ-ın Ukraynadakı Səfirliyinin, Avropa Komissiyasının və Britaniyanın nümayəndələri olur. Komissiya 2 namizəd seçib, Baş nazirə təqdim edir.
Baş nazir 10 gün müddətində yalnız həmin 2 namizəddən birini NABU-nun direktoru vəzifəsinə təyin edir. Direktor 7 il müddətinə təyin olunur və 2 dəfə ardıcıl bu vəzifəyə təyin oluna bilməz.
Direktorun 4 müavini var. Müavinlərini və qalan bütün işçiləri direktor təyin edir.
Yaradılandan indiyədək NABU-nun 700 ştatı olub, 1 yanvar 2026-cı ildən 1000 nəfər olmalıdır. Deməli, növbəti ildən korrupsiya cinayətlərinin araşdırılması üzrə işlərin artırılması planlaşdırılır.
NABU ilk növbədə Ukrayna dövlət büdcəsindən maliyyələşir. Büro həmçinin Avropa və Amerika tərəfdaşları ilə həyata keçirilən layihələr üzrə beynəlxalq texniki yardımlar çərçivəsində əlavə vəsaitlər alır.
Ardı var…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi