İndi hamı sanki dərdini danışmağa adam axtarır, lakin heç kimin başqasını dinləməyə nə vaxtı var, nə həvəsi, nə də səbri. Keçmişdə insanlar bir-biri ilə çox vaxt keçirər, dərdləşər, problemlərini bölüşər, ürəyini boşaldar və yüngülləşərdilər. Kapitalizmdə isə vaxt puldur. Vaxtını sərf edirsənsə, mənfəət əldə etməlisən.
Hansı cəmiyyətdə insanlar bir-birini dinləmirlərsə, bir-birinə vaxt sərf etmirlərsə, orada psixoloqların sayı artır. Faktiki olaraq, əksər hallarda psixoloq dostun, sirdaşın surroqatıdır.
Psixoloqun isə qəbuluna istədiyin vaxt düşə bilmirsən, həm də onun seansı çox bahadır – hər adamın cibinə uyğun deyil. Axı bu birdəfəlik proses deyil.
Lakin kapitalizm buna da çarə tapır. Tələb varsa, təklif mütləq olacaq. Rusiyada, yəqin ki, başqa ölkələrdə də yeni trend yaranıb. Dərd dinləmək xidməti təklif olunur. İnsanlar elan verirlər ki, saatı filan məbləğə istənilən adamın dərdini dinləməyə hazırdırlar.
Deyirəm, bəlkə mən də Azərbaycanda bu biznesi açım? Səbrim çatsa, 1 ilə milyoner olaram.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi