ELAZ.İNFO xəbər verir ki, 26 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür.
İncəlik və zəriflik nümunəsi olan kəlağayı, qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarıdır. Bu zərif baş örtüyü müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır. Qədim zamanlar gəncliyə addım atan hər bir xanıma, elçilikdə ailə həyatı quracaq xanıma kalağayı hədiyyə edərdilər. Kəlağayı Azərbaycan adətlərinə xüsusi rəng qatan dəyərdir. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılığı ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Ənənəyə görə, yeni qurulan ailədə uşaq dünyaya gələn zaman onu, anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər. Gənc qızların, orta və yaşlı qadınların örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adətən, toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” üsulu ilə bağlayardılar. Bu adət indi də davam edir. Qısacası kalağayı Azərbaycan xanımının qarderobunda daim xüsusi yerdə olub və olmağa da davam edir.
Araşdırdıqca görürsən ki, kəlağayı sosial fərqləri də aradan qaldırıb, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından çox seçilməyib.
İndi isə gəlin kalağayının tarixinə nəzər salaq.
Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Gülnarə ƏMİRASLANOVA