Cəmiyyətin ədalətə inamı dürüst və qüsursuz xidmətdir

Penitensiar xidmət əməkdaşının peşə fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə ciddi şəkildə tənzimlənən, yüksək məsuliyyət, hüquqi savad, psixoloji dayanıqlıq və etik davranış tələb edən ağır və şərəfli xidmətdir. Cəza İcra Məcəlləsi, “Penitensiar xidmət haqqında” Əsasnamənin, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun, “Məhkumların hüquq və vəzifələri haqqında” normativ aktlar, daxili intizam qaydaları, əməliyyat-rejim, tərbiyə işinin təşkili sənədləri və təhlükəsizlik standartları bu sahədə çalışan hər bir əməkdaşın əsas fəaliyyət çərçivəsini müəyyən edir. Xidmətin düzgün təşkil olunması üçün əməkdaş ilk növbədə qanunçuluğun mahiyyətini və tətbiq mexanizmlərini dərindən bilməli, hər addımında qanunun tələblərinə uyğun davranmalıdır. Bu, təkcə məhkumlara münasibətdə deyil, həm də daxili qaydalar, tabelik münasibətləri, məxfi məlumatların qorunması və təhlükəsizlik rejimi baxımından əsas prinsipdir.

Penitensiar sistemin əsas məqsədi yalnız məhkumların cəzasını icra etmək deyil, həm də onların islah olunmasına, cəmiyyətə yararlı şəxs kimi geri qaytarılmasına şərait yaratmaqdır. Buna görə də əməkdaşın davranışı, ünsiyyəti və peşəkar yanaşması hüquqi olduğu qədər psixoloji anlamda da əhəmiyyət kəsb edir. Məhkum kimi yüksək risk qrupuna daxil şəxslərlə işləmək əməkdaşdan emosional sabitlik, soyuqqanlılıq, peşəkarlıq və qətiyyət tələb edir. Hər bir provokasiya, təzyiq və ya aqressiya hallarında əməkdaşın davranışı qanunun, etik kodeksin və təhlükəsizlik protokollarının tələblərinə tam uyğun olmalıdır. Bu həm məhkumların hüquqlarının pozulmaması, həm də əməkdaşın təhlükəsizliyinin təmin olunması üçün əsas şərtdir. Cəzaçəkmə müəssisəsində təhlükəsizlik rejiminin qorunması əməkdaşın gündəlik fəaliyyətinin ən mühüm hissəsidir. Rejim tələblərinin pozulmaması üçün obyektin fiziki təhlükəsizliyi, kamera və bölmələrin mütəmadi yoxlanılması, məhkumların hərəkət trayektoriyasının nəzarətdə saxlanılması, qadağan olunmuş əşyaların qarşısının alınması, daxili intizamın təmin edilməsi, əməliyyat məlumatlarının toplanması və riskli şəxslərlə bağlı xüsusi nəzarət tədbirləri həyata keçirilməlidir. Bu, yalnız fiziki nəzarət deyil, eyni zamanda operativ müşahidə, situativ təhlil, davranış dinamikasının izlənməsi və məlumatların vaxtında ötürülməsini tələb edən mürəkkəb prosesdir. Əməkdaş obyektiv qərar verməli, təhlükəni vaxtında hiss etməli, münaqişələrin qarşısını almağı bacarmalıdır.

Penitensiar xidmət əməkdaşının peşəkarlığı fövqəladə hallara hazır olmaqla da ölçülür. Qiyam, kütləvi itaətsizlik, yanğın, özünə xəsarət, məhkumlar arasında qarşıdurma kimi hallarda qanunla təsbit edilmiş davranış protokolları mövcuddur. Hər bir əməkdaş bu qaydaları həm nəzəri, həm də praktik cəhətdən bilməli, təlimlərdə və hazırlıq proseslərində aktiv iştirak etməlidir. Qanunvericilik bu hallarda tətbiq ediləcək tədbirlərin ardıcıllığını, güc tətbiqinin sərhədlərini və insan hüquqlarının pozulmaması şərtlərini aydın şəkildə müəyyən edir. Zəruri müdafiə, təhlükənin aradan qaldırılması və obyektin qorunması çərçivəsində göstərilən xidmət yüksək peşəkarlıq tələb edir. İnsan hüquqlarına hörmət penitensiar sistemin əsas prinsiplərindən biridir. Məhkumun cəzası yalnız məhkəmə hökmü ilə müəyyən edilir, bu sərhəddən kənar heç bir mənəvi və ya fiziki təzyiq, qeyri-insani davranış və ya alçaltma hallarına yol verilmir. Məhkumların qida, tibbi yardım, görüş, məktub, telefon, müdafiə hüququ, şəxsi müraciət hüququ qanunla qorunur və əməkdaşın vəzifəsi bu hüquqların qanun çərçivəsində təmin olunmasına nəzarət etməkdir. Eyni zamanda, məhkum da intizam və rejim qaydalarına əməl etməli, qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirməlidir.

Məxfilik penitensiar xidmətin ən vacib hissələrindən biridir. Məhkumlarla bağlı əməliyyat məlumatları, təhlükəsizliklə bağlı informasiyalar, daxili əmrlər və protokollar kənar şəxslər üçün əlçatan olmamalıdır. Bu məlumatların yayılması həm xidməti pozuntudur, həm də təhlükəsizlik üçün ciddi risk yaradır. Qanunvericilik əməkdaşa bu sahədə yüksək məsuliyyət yükləyir və hər bir sızıntı ağır intizam məsuliyyəti doğurur. Penitensiar xidmət kollektiv fəaliyyətə əsaslanan qurumdur. Daxili nizam-intizam, tabelik mədəniyyəti, əmrlərin icra olunması, komandada qarşılıqlı dəstək xidmətin effektivliyini müəyyən edən əsas amillərdəndir. Qanunvericilik əməkdaşın həm tabelikdə olduğu şəxs qarşısında, həm də öz funksional vəzifələrinə görə məsuliyyətini aydın təsbit edir. Vəzifələrin dəqiq icra olunmaması, intizamın pozulması və ya tabelik qaydalarına əməl edilməməsi həm hüquqi, həm intizam, həm də təhlükəsizlik baxımından ciddi nəticələr yarada bilər.

Penitensiar xidmət əməkdaşının fiziki hazırlığı da qanunla tələbləndirilən vacib şərtlərdəndir. Gündəlik xidmət prosesində qarşıdurmalar, təhlükəli hallar, əmrə tabe olmayan məhkumlarla bağlı situasiyalar yarana bilər və əməkdaş öz təhlükəsizliyini və çevik müdafiə imkanlarını təmin etməlidir. Qaydalara uyğun olaraq xüsusi vasitələrin, fiziki gücün və digər müdafiə üsullarının tətbiqi yalnız zəruri hallarda və qanunun tələbləri çərçivəsində mümkündür. Bu peşə yüksək mənəvi iradə, dürüstlük, prinsipiallıq və ədalət tələb edən çətin bir xidmətdir. Məhkumların islah olunması, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, qanunun aliliyinin qorunması, intizamın təmini və humanist yanaşmanın tətbiqi penitensiar sistemin mahiyyətini və funksional yükünü təşkil edir. Qanunvericiliyi bilən, insan hüquqlarına hörmət edən, təhlükəsizlik qaydalarına əməl edən, psixoloji və fiziki cəhətdən hazırlıqlı olan əməkdaş bu sistemin dayaq sütunudur. Cəmiyyətin ədalətə inamı da məhz belə əməkdaşların dürüst və qüsursuz xidməti ilə möhkəmlənir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights