ELAZ.İNFO xəbər verir ki, Xırdalan şəhəri Heydər Əliyev 265-in sakinləri indi də həyəti, qarajı başına alan bit-birədən, çəyirtkədən, tarakandan gileylidir. Bina sakinlərinin dediyinə görə birələr artıq evlərə daraşıb. Binaya qazanc, obyekt mənfəəti ilə baxan Viləşçay MTK rəhbərliyinə sakinlər dəfələrlə müraciət etsələr də, bir faydalı nəticə olmayıb.
Nəzərə almaq lazımdır ki, biz indi isti yay fəslində yaşayırıq və bu fəsil birənin-bitin artıb törəməsi üçün olduqca əlverişlidir. Bütün bu amillər təhlükənin nə qədər yaxın olduğuna işarədir. Nəfəs almaq, dincəlmək, oynamaq üçün binanın həyətinə düşən sakinlərin həyəcanı anlaşılandır.
Bina sakinləri söyləyir ki, ötən yaydan binanı qarışqa başına götürüb. Yayı, payızı, hətta qışı belə qarışqalarla boyun-boyuna yaşayıblar, çörəklərini, süfrələrini qarışqalarla bölüşüblər.

Bina sakinlərini hələ tarakan problemi də var. Görünən odur ki, Viləşçay MTK-da olmayan yoxdu.

Yeri gəlmişkən qeyd edək ki, binanı idarə edən ata İsrafil Hüseynov, qızı Ülviyyə Hüseynova, yeznəsi Bəhruz Əliyev sakinlərin haqlı şikayətlərinə məhəl qoymurlar. Heç bir problem həll olunmur. KİV-də, saytlarda, sosial şəbəkələrdə dərc olunan şikayətlərə əhəmiyyət verilmir.
Sakinlər nə qədər Viləşçay MTK-ya müraciət etsələr də, heç bir tədbir götürülmür.
Sakinlərin ümidi Allaha qalıb.
İslam MAHMUDOV