Azərbaycanda məşğulluq siyasətinin rəqəmsallaşdırılması və on minlərlə vakansiyanın elan olunmasına baxmayaraq, təklif edilən əməkhaqları, iş yerlərinin davamlılığı və coğrafi bölgüsü vətəndaşların real ehtiyaclarını qarşılamır.
ELAZ.İNFO xəbər verir ki, bu barədə əmək bazarındakı mövcud vəziyyəti, rəqəmsal platformaların effektivliyini və regionlardakı sosial reallıqları şərh edən Milli Cəbhə Partiyasının (MCP) başqanı, millət vəkili Razi Nurullayev bildirib.Deputat ƏMAS platformasında 65 mindən çox aktiv vakansiyanın olmasını müsbət hal adlandırsa da, bu rəqəmlərin real mənzərəni tam əks etdirmədiyini vurğulayıb:
Regionlardakı vəziyyət rəqəmlərlə tərs mütənasibdir: “Millət vəkili kimi regionlarda keçirdiyim müntəzəm görüşlər zamanı gördüyüm mənzərə rəsmi rəqəmlərlə tam üst-üstə düşmür. İnsanlar daimi və təminatlı iş yerlərinin azlığından şikayətlənirlər. Kənddə yaşayan vətəndaşın qarşısına Bakı və ya Abşeron üzrə vakansiya çıxarmaq çıxış yolu deyil. Həmin şəxsin köçmək imkanı yoxdur, təklif olunan əməkhaqqı isə kirayə və yol xərclərini belə ödəmir.”
Formal vakansiyalar narazılıq yaradır: “Sistemdə görünən hər vakansiya real işə qəbul demək deyil. Uzun müddət yenilənməyən, formal xarakter daşıyan və ya namizədi əvvəlcədən müəyyən edilmiş vakansiyalar cəmiyyətdə ancaq haqlı narazılıq doğurur.” Davamlı məşğulluq hesabatı yoxdur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi on minlərlə vətəndaşın işlə təmin olunduğunu açıqlayır. Lakin bu iş yerlərinin nə qədərinin uzunmüddətli olduğu, işə girənlərin nə qədərinin tezliklə yenidən işsiz qaldığı barədə ətraflı məlumat verilmir. Səmərəlilik yalnız işə qəbul sayı ilə deyil, davamlı məşğulluqla ölçülməlidir.” Aşağı maaşla dolanışıq dərdi: “Sistemdə ən aşağı maaş 400, ən yüksək isə 10 min manatdır. Amma böyük əksəriyyət aşağı və orta diapazondadır. Bugünkü qiymətlər fonunda 400-600 manatlıq əməkhaqqı ilə, xüsusilə kirayədə yaşayanlar üçün ailə dolandırmaq mümkünsüzdür. Mövcud problemləri etiraf etmək, regionlarda real sənaye, aqrar-sənaye və xidmət sahələrini inkişaf etdirmək zəruridir. İşi yalnız elektron platformalarla həll etmək olmaz.”
Ruslan MƏMMƏDOV


