Fransada tələbə etirazları böyüyür: Yüzlərlə saxlanılan var

01.10.2026

ELAZ.İNFO xəbər verir ki, Fransada məktəblilərin etirazları ölkənin müxtəlif şəhərlərinə yayılıb. Şagirdlər məktəblərdəki sıxlıq, müəllim çatışmazlığı və təhsil müəssisələrinin vəziyyəti ilə bağlı narazılıqlarını küçələrə daşıyıblar.

Etirazların son günlərdə təxminən 400 məktəbə təsir etdiyi bildirilir. Polis yüzlərlə şəxsi saxlayıb və onların əhəmiyyətli hissəsinin yetkinlik yaşına çatmayanlar olduğu açıqlanıb.

Bəzi şəhərlərdə aksiyalar qarşıdurmaya çevrilib. Polis əməkdaşlarına müxtəlif əşyaların atıldığı, bəzi yerlərdə zibil qutularının yandırıldığı və hüquq-mühafizə qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib.

Reuters-in məlumatına görə, iki gün ərzində tələbələr və məktəb əməkdaşları arasında ümumilikdə 119 xəsarət qeydə alınıb.

Etirazlar eyni zamanda dövlət sektorunda keçirilən tətil aksiyaları ilə üst-üstə düşüb. Müəllimlər, yanğınsöndürənlər və digər dövlət işçiləri əməkhaqqı və hökumətin büdcə planlarına etiraz edirlər.

Fransa hökuməti məktəblilərin problemlərinin müzakirə olunmasının vacibliyini vurğulasa da, zorakılıq hallarını qəbuledilməz sayır.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁36
Teqlər: