Dövlətin inkişafı təkcə iqtisadi göstəricilər və siyasi uğurlarla ölçülmür. Güclü dövlət ilk növbədə sağlam ailələrə, milli dəyərlərə bağlı və məsuliyyətli vətəndaşlara söykənir. Azərbaycan xalqı tarix boyu zəngin ailə ənənələri, yüksək mənəvi dəyərləri və milli kimliyinə sədaqəti ilə seçilmişdir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Ailə uşağın ilk tərbiyə məktəbidir. Burada formalaşan davranış qaydaları, vətənə sevgi, böyüyə hörmət, kiçiyə qayğı və milli-mənəvi dəyərlərə bağlılıq sonrakı həyatın əsasını təşkil edir. Məhz buna görə də valideynlərin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri sağlam düşüncəli, milli ruhlu və məsuliyyətli gənc nəslin yetişdirilməsidir. Bu istiqamətdə məktəb, ailə və ictimai institutların birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı uşaq və yeniyetmələrin həyat tərzini əhəmiyyətli dərəcədə dəyişmişdir. Smartfonlar, planşetlər, kompüterlər və internet gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycanın bütün bölgələrində internetə çıxış imkanlarının genişlənməsi təhsil, elm və informasiya mübadiləsi baxımından mühüm üstünlüklər yaradır. Elektron resurslar vasitəsilə şagird və tələbələr yeni biliklər əldə edir, dünya elminin nailiyyətləri ilə tanış olur, müxtəlif sahələr üzrə öz bacarıqlarını inkişaf etdirirlər.
Lakin internet mühiti yalnız faydalı imkanlardan ibarət deyil. Rəqəmsal platformalarda uşaqların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək çoxsaylı məzmunlar da mövcuddur. Yanlış ideyaların, aqressiv davranışların, zorakılığın, kibertəhdidlərin və digər zərərli təsirlərin yayılması xüsusilə yeniyetmələr üçün ciddi risk yaradır. Həyat təcrübəsi az olan uşaqlar bəzən bu təhlükələri ayırd etməkdə çətinlik çəkir və müxtəlif manipulyasiyalara məruz qala bilirlər.
Bu səbəbdən valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Uşaqlara internetdən yalnız əyləncə vasitəsi kimi deyil, bilik və inkişaf mənbəyi kimi istifadə etməyin yolları öyrədilməlidir. Onlarda düzgün informasiya seçmək, etibarlı mənbələri tanımaq və rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək vərdişləri formalaşdırılmalıdır.
Valideyn nəzarəti uşaqların təhlükəsiz internet istifadəsinin vacib şərtlərindən biridir. Nəzarətsiz istifadə həm vaxt itkisinə, həm də zərərli məzmunların təsiri altına düşməyə səbəb ola bilər. Bununla yanaşı, uzun müddət ekran qarşısında qalmaq uşaqların fiziki sağlamlığına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə də mənfi təsir göstərir. Buna görə də ailələr uşaqların gündəlik rejiminə diqqət yetirməli, ekran vaxtını yaşa uyğun şəkildə tənzimləməlidirlər.
Texnologiyanın imkanlarından istifadə etməklə internet təhlükəsizliyini artırmaq da mümkündür. Süni intellekt əsaslı filtrlər, valideyn nəzarəti proqramları və yaş məhdudiyyətləri uşaqların uyğun olmayan məzmunlardan qorunmasına kömək edə bilər. Bu istiqamətdə dövlət qurumları, informasiya texnologiyaları mütəxəssisləri və rəqəmsal platformalar arasında əməkdaşlığın gücləndirilməsi məqsədəuyğundur.
Ailədaxili ünsiyyət də uşaqların sağlam inkişafında mühüm rol oynayır. Valideynlərin övladları ilə birlikdə vaxt keçirməsi, maraqlı söhbətlər aparması, kitab oxuması, film izləməsi və müxtəlif oyunlar təşkil etməsi uşaqların emosional inkişafına müsbət təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar virtual aləmdən daha az asılı olur və real həyat münasibətlərinə daha çox üstünlük verirlər.
Bununla yanaşı, uşaqlarda mütaliə vərdişinin formalaşdırılması, idmana marağın artırılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi diqqət tələb edir. Tarix, elm, ədəbiyyat və milli qəhrəmanlarımız haqqında kitabların oxunması onların dünyagörüşünü genişləndirir, vətənpərvərlik hisslərini gücləndirir və milli kimlik şüurunun formalaşmasına töhfə verir.
Erkən yaşlardan uşaqların maraq göstərdikləri peşə və sənətlərə yönləndirilməsi də gələcək uğurlar üçün mühüm addımdır. Musiqi, rəsm, proqramlaşdırma, texnologiya, idman və digər sahələrdə bacarıqların inkişaf etdirilməsi onların asudə vaxtının səmərəli təşkilinə və gələcək peşə seçimlərinə müsbət təsir göstərir.
Rəqəmsal texnologiyalar yalnız istehlak vasitəsi deyil, həm də yaradıcılıq imkanları təqdim edir. Uşaqlar internet vasitəsilə öz layihələrini, videolarını, məqalələrini və müxtəlif yaradıcılıq nümunələrini paylaşaraq bilik və bacarıqlarını nümayiş etdirə bilərlər. Bu, onların həm özünəinamını artırır, həm də ölkəmizin milli-mədəni dəyərlərinin beynəlxalq müstəvidə tanıdılmasına xidmət edir.
Uşaqların təhlükəsiz və sağlam mühitdə yetişməsi üçün ailə, məktəb, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları vahid məqsəd ətrafında əməkdaşlıq etməlidirlər. Davamlı maarifləndirmə tədbirləri, milli-mənəvi dəyərlərin təbliği və rəqəmsal savadlılığın artırılması gənc nəslin zərərli təsirlərdən qorunmasına və sağlam şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verəcəkdir.
Nəticə etibarilə, güclü ailə sağlam cəmiyyətin, sağlam cəmiyyət isə qüdrətli dövlətin əsas dayağıdır. Milli dəyərlərə sadiq, bilikli, yaradıcı və vətənini sevən gənclərin yetişdirilməsi Azərbaycanın gələcək inkişafının ən mühüm təminatlarından biridir.
Vəsilə ƏLİYEVA
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.


