ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.
Məktubda dövlət başçısı Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Emoməli Rəhmona və onun simasında Tacikistan xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.
İlham Əliyev qeyd edib ki, ötən 35 il ərzində Emoməli Rəhmanın rəhbərliyi ilə Tacikistan dövlət quruculuğu, daxili sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib.
Azərbaycan Prezidenti məktubunda iki ölkə arasında münasibətlərə də toxunub. Bildirib ki, ortaq dini-mədəni və tarixi köklərə əsaslanan Azərbaycan-Tacikistan dostluğu və qardaşlığı getdikcə daha da möhkəmlənir.
Məktubda yüksək səviyyəli fəal dialoqun, müntəzəm təmasların və sıx əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
İlham Əliyev əminliyini ifadə edib ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlıq bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək.
Azərbaycan Prezidenti təbrik məktubunun sonunda Emoməli Rəhmona möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Tacikistan xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.
Qeyd edək ki, məktub 7 sentyabr 2026-cı ildə Bakı şəhərində imzalanıb.
İlahə BAYINDIR


