ELAZ.İNFO xəbər verir ki, bəzi abituriyentlər arzuladıqları ixtisasa qəbul olmaq üçün bir neçə il ardıcıl olaraq imtahanlarda iştirak edirlər.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı canlı yayım zamanı belə abituriyentlərdən danışıb.
DİM sədri bildirib ki, tanıdığı şəxslər arasında istədiyi ixtisasa qəbul olmaq üçün 7 il ərzində imtahan verən və sonda məqsədinə çatanlar da olub.
Abbaszadənin sözlərinə görə, abituriyentin topladığı bal arzuladığı ixtisasa çatmırsa, qarşıda müxtəlif seçimlər var. Namizəd növbəti il yenidən hazırlaşaraq nəticəsini yaxşılaşdıra və istəyinə çatmağa çalışa bilər.
DİM sədri bununla yanaşı, abituriyentlərin qarşılarına real məqsəd qoymasının vacibliyini vurğulayıb. Onun fikrincə, müəyyən ixtisasa qəbul olmaq üçün uzun müddət hazırlaşmağa hazır olmayan şəxslər həmin istiqamət üzrə orta ixtisas təhsili müəssisələrini də nəzərdən keçirə bilərlər.
Abbaszadə seçim zamanı qərarın məsuliyyətinin məhz abituriyentin öz üzərində olduğunu da diqqətə çatdırıb. O, gənclərə müxtəlif şəxslərin məsləhətlərinə kor-koranə əməl etməməyi, əsasən rəsmi mənbələrdəki məlumatlara əsaslanmağı tövsiyə edib.
Qeyd edək ki, 2026-cı il üzrə ixtisas seçimi avqustun 12-də başlayıb və avqustun 19-dək davam edəcək. Abituriyentlər müsabiqə şərtlərinə uyğun olaraq 15-dək ixtisas kodu seçə bilərlər.
Günel GÜNTAC


