Sahibkarların müraciəti artır: "Gəncə KOB evi"nin fəaliyyəti açıqlanıb

“Gəncə KOB evi” üç ayda 2 mindən çox sahibkara xidmət göstərib

ELAZ.İNFO xəbər verir ki, bu ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi” qısa müddətdə minlərlə sahibkara müxtəlif istiqamətlər üzrə xidmət təqdim edib.

Rəsmi məlumatlara əsasən, 1 iyul 2026-cı il tarixinədək müəssisədə ümumilikdə 2149 xidmət göstərilib. Bunlardan 1842-si dövlət–biznes (G2B), 307-si isə biznes–biznes (B2B) xidmətləri olub.

Sahibkarların müraciətləri əsasən biznesin yaradılması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının əldə edilməsi, poçt xidmətləri və digər istiqamətləri əhatə edib.

Ən çox xidmət göstərən qurumlar sırasında Dövlət Reklam Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Azərpoçt” MMC və Qida Təhlükəsizliyi Agentliyi yer alıb.

“Gəncə KOB evi”nin xidmətlərindən təkcə Gəncə şəhərinin deyil, həmçinin Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da yararlanıblar.

Qeyd edək ki, “Gəncə KOB evi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi, lisenziya və icazələrin alınması, investisiya təşviqi, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə ümumilikdə 80-dən çox xidmət təqdim olunur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın