arktikada-yeni-bakteriofaq-virusu-kesf-edildi-elaz-info.

Frans-İosif Torpağında super-bakteriyaları məhv edən yeni virus tapıldı!

Qlobal istiləşmə və Arktika tədqiqatları tibb elminə antibiotiklərə qarşı dözümlü olan “super-bakteriyalarla” mübarizə apara biləcək unikal tapıntı bəxş edib. Alimlər buzlaqlar arasından insan həyatını xilas edə biləcək yeni bir silah — bakteriyaları yeyən unikal virus növü aşkar ediblər.

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın uzaq şimalında yerləşən Frans-İosif Torpağı arxipelaqında yeni arktik virus növü — bağırsaq çöplərini (E. coli) məhv edən bakteriofaq tapılıb. Bu böyük elmi tapıntı barədə Eksperimental Tibb İnstitutunun Bioloji Təhlükələrin Monitorinqi Laboratoriyasının müdiri, professor Artemi Qonçarov məlumat verib. Alim bildirib ki, bu kəşf ən güclü antibiotiklərə belə tab gətirən bakteriyalara qarşı effektiv preparatların yaradılmasına yol açacaq. Professor Artemi Qonçarov kəşf olunan virusun xüsusiyyətlərini belə izah edib:

“Bu, ‘Kagunavirus’ cinsinə aid olan yeni patogen virus növüdür. Bu cinsin nümayəndələri xarici mühit amillərinə qarşı son dərəcə yüksək dözümlülüyə malikdirlər. Ən əsası isə onlar bir çox antibiotiklərə qarşı davamlılıq qazanmış bağırsaq çöplərinin (E. coli) ştammlarını məhv etmək qabiliyyətindədirlər. Buna görə də həmin qrup viruslar təbabətdə və kənd təsərrüfatında bioloji nəzarət üçün mükəmməl namizədlər sayılır”.

Alimlər həmçinin qeyd edirlər ki, bu viruslar öz DNT-lərini aktiv şəkildə dəyişmək (rekombinasiya) qabiliyyətinə malikdirlər. Bu isə onları bakteriofaqların molekulyar təkamülünü öyrənmək üçün əvəzsiz modelə çevirir. Yeni virus növü arxipelaqda yerləşən və quşların kütləvi toplaşdığı “quş bazarı” adlanan ərazilərin altındakı torpaq nümunələrindən götürülüb. Quşlar tibb müəssisələrində yayılan ştammların ən yaxın qohumu olan “A-PEC” (Avian Pathogenic Escherichia coli) bağırsaq çöpünün daşıyıcılarıdır.

Tədqiqatçıların əsas fərziyyəsi ondan ibarətdir ki, quş ştammlarına hücum edən bu faq gələcəkdə reanimasiyalarda sepsis (qan zəhərlənməsi) və ya uroloji xəstəxanalarda sistit yaradan təhlükəli bağırsaq çöplərinə qarşı alternativ müalicə metodu kimi istifadə edilə bilər. Hazırda Arktikada davam edən “Arktika Üzən Universiteti” (20-ci yubiley reysi 1-22 iyul 2026-cı il tarixlərində “Professor Molçanov” gəmisi ilə keçirilir) ekspedisiyası çərçivəsində yeni nümunələrin toplanması prosesi davam edir. Alimlər ümid edirlər ki, gələcək ekspedisiyalar zamanı daha güclü müalicəvi potensialı olan arktik viruslar kəşf ediləcək və bu, qlobal təhlükəyə çevrilən daxili hospital infeksiyalarının müalicəsində antibiotikləri tamamilə əvəz edəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın