Azərbaycanın qədim dövlətçilik tarixinə və zəngin mədəni irsinə işıq salacaq növbəti sensasiyalı arxeoloji kəşf ölkənin cənubunda qeydə alınıb. Aparılan beynəlxalq tədqiqatların nəticəsi olaraq, bölgənin qədim dövrlərdə mühüm siyasi və iqtisadi mərkəzlərdən biri olduğu sübuta yetirilib.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan-ABŞ müştərək beynəlxalq ekspedisiyası Yardımlı rayonunun Urakəran kəndi ərazisində təqribən 2200 il əvvələ aid antik yaşayış məskəninin qalıqlarını aşkar edib. Bu barədə məlumatı ekspedisiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli verib. Aşkar olunan bu tarixi abidə Azərbaycan dövlətçiliyində müstəsna yeri olan qədim Atropatena dövlətinin ərazisinə təsadüf edir. Ceyhun Eminli bildirib ki, bu tapıntı cənub-şərq dağlıq zonasında Atropatena dövrünə aid araşdırılan ilk iri şəhər tipli məskən sayılır:
“Biz Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətə malik Atropatena dövlətinin tarixi coğrafiyasında məhz həmin dövrə aid yaşayış məskənlərini aşkar etməyə müvəffəq olduq. Tədqiqat müddətində burada iri tikili qalıqları, otaqlar və müdafiə istehkamlarının müəyyən hissələri üzə çıxarılıb. Ümumilikdə, bu məskənin təqribən 2200 illik tarixi var”.
Arxeoloji qazıntılar qədim memarlıqla bağlı maraqlı faktları da ortaya qoyub. Ceyhun Eminlinin sözlərinə görə, ərazidəki irihəcmli tikililər eyni xronoloji çərçivədə, lakin bir-birindən bir neçə yüzillik fərqlə inşa edilib. Tədqiqatlar həmçinin göstərib ki, qədim dövrdə bu yaşayış məskənində güclü yanğın baş verib. Yanğın nəticəsində binaların tavan örtükləri tamamilə yanaraq dağılıb və çöküb. Ekspedisiya rəhbəri əlavə edib ki, ərazidən tapılan maddi-mədəniyyət nümunələri hələ eramızın birinci əsrinin əvvəllərindən etibarən bu bölgədə yerli şüşə istehsalının mövcud olduğunu elmi şəkildə təsdiqləyir. Azərbaycan və ABŞ alimlərinin birgə fəaliyyəti nəticəsində ərazidən xeyli sayda orqanik nümunə toplanıb. Həmin nümunələrin laborator şəraitdə daha dərindən analizi ABŞ-ın nüfuzlu Hamilton Kollecində həyata keçiriləcək.
Ruslan MƏMMƏDOV


