Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti mühüm beynəlxalq görüşə ev sahibliyi edib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının daxili işlər naziri Matuş Şutay-Eştokun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ELAZ.İNFO xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə keçirilən bu görüş tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Dostluq və işgüzar şəraitdə keçən görüşdə iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əlaqələrin mövcud vəziyyəti ətraflı təhlil edilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Nazir Vilayət Eyvazov slovakiyalı həmkarına rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, respublikada mövcud olan kriminogen durum, sabitliyin qorunması prosesi, eləcə də polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi sahəsində tətbiq edilən müasir metodlar və görülən işlər barədə ətraflı məlumat verib.
Görüşdə müasir dövrün qlobal təhdidlərinə qarşı birgə mübarizə məsələləri ön plana çıxıb. Hər iki nazir transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya, eləcə də kibercinayətkarlıqla mübarizədə qüvvələrin birləşdirilməsinin zəruriliyini vurğulayıblar. Bu kontekstdə qabaqcıl texnologiyaların tətbiqi, təcrübə və operativ informasiya mübadiləsinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub. Slovakiya Respublikasının daxili işlər naziri Matuş Şutay-Eştok Şuşada göstərilən yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirib. O, Azərbaycanla daxili işlər sahəsində əlaqələrin dərinləşdirilməsində və praktiki əməkdaşlığın miqyasının genişləndirilməsində ölkəsinin maraqlı olduğunu xüsusi qeyd edib. Vilayət Eyvazov və Matuş Şutay-Eştok daxili işlər sahəsində ikitərəfli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən Anlaşma Memorandumu imzalayıblar. Tarixi Şuşa şəhərində baş tutan görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri də iştirak ediblər.
Ruslan MƏMMƏDOV


