Asif Şəfəqqətov: "Polşa Ukraynaya 1000-dən çox zirehli texnika verib"

Asif Şəfəqqətov: “Polşa Ukraynaya 1000-dən çox zirehli texnika verib”

ELAZ.İNFO xəbər verir ki, hərbi məsələlərə dair paylaşımları ilə tanınan Asif Şəfəqqətov Ukraynaya göstərilən hərbi yardımlarla bağlı diqqətçəkən fikirlər səsləndirib.

Onun sözlərinə görə, açıqlanan siyahıda yalnız Polşanın Ukraynaya təqdim etdiyi hərbi texnika və ləvazimatlar yer alıb. Şəfəqqətov iddia edir ki, təkcə Polşa indiyədək Ukraynaya 1000-dən çox zirehli texnika verib.

O bildirib ki, Polşa ilə yanaşı Çexiya, Slovakiya, Macarıstan, Bolqarıstan, Sloveniya, Xorvatiya, Çernoqoriya, Şimali Makedoniya, eləcə də Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Türkiyə və bəzi Asiya, Afrika və Latın Amerikası dövlətləri də Ukraynaya müxtəlif həcmdə hərbi yardım göstəriblər. Şəfəqqətovun sözlərinə görə, bu ölkələrin birlikdə təqdim etdiyi zirehli texnikanın sayı on minlərlə ölçülə bilər.

Asif Şəfəqqətov paylaşımında həmçinin Böyük Britaniyanın hərbi ehtiyatları ilə bağlı da fikirlər səsləndirib. Onun iddiasına görə, Avropanın bir sıra ölkələrinin silah ehtiyatları əhəmiyyətli dərəcədə azalıb, ABŞ da mövcud arsenalının uzunmüddətli genişmiqyaslı müharibə üçün kifayət etmədiyini nümayiş etdirib. O hesab edir ki, Qərb ölkələrinin itirilmiş silah-sursat ehtiyatlarını əvvəlki səviyyəyə qaytarması üçün bir neçə il fasiləsiz istehsal tələb oluna bilər.

Şəfəqqətov əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiya qüvvələri Donetsk istiqamətində irəliləyişini davam etdirir və Kramatorsk ilə Slavyansk şəhərlərinə yaxınlaşır.

Qeyd edək ki, məqalədə yer alan məlumatlar Asif Şəfəqqətovun şəxsi paylaşımında səsləndirdiyi fikirlərə əsaslanır. Bu iddialar ELAZ.İNFO tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın