Rusiyada əcnəbi miqrantlarla bağlı qəbul edilən yeni və sərt qanun dəyişiklikləri, eləcə də bu qərarların Rusiyada yaşayan yüz minlərlə soydaşımızın taleyinə mümkün təsirləri barədə mühüm bəyanat yayılıb.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Rusiyada əcnəbi miqrantlarla bağlı qəbul edilən yeni və sərt qanun dəyişikliklərini şərh edərkən bildirib. Deputat Razi Nurullayev vurğulayıb ki, Rusiyada miqrasiya qanunvericiliyinin ardıcıl şəkildə sərtləşdirilməsi göstərir ki, söhbət artıq müvəqqəti kampaniyadan yox, birbaşa dövlət siyasətindən gedir; Dövlət Dumasının sədri Vyaçeslav Volodinin açıqladığı son dəyişikliklər də məhz bu siyasətin davamıdır.
Millət vəkili Razi Nurullayev Moskvanın miqrasiya siyasətində daha sərt və nəzarətçi modelə keçdiyini, bunun soydaşlarımızın həyatına ciddi təsir göstərəcəyini diqqətə çatdırıb: “Yeni qaydalara əsasən, inzibati xəta törədən əcnəbilərin deportasiya oluna biləcəyi halların sayı xeyli artırılır. Əgər əvvəllər bir çox hallarda məsələ cərimə ilə yekunlaşırdısa, indi həmin cəriməyə deportasiya da əlavə oluna bilər. Bu dəyişiklik ilk növbədə Rusiyada yaşayan və çalışan yüz minlərlə azərbaycanlını düşündürməlidir. Çünki artıq söhbət yalnız miqrasiya rejiminin kobud şəkildə pozulmasından getmir. Gündəlik həyatda baş verə bileyəcək bəzi inzibati xətalar da insanın Rusiyada qalmaq hüququnu itirməsinə səbəb ola bilər”. MCP başqanı Razi Nurullayev hesab edir ki, Rusiya bununla miqrasiya siyasətində yeni mərhələyə keçir. Moskva açıq şəkildə göstərir ki, ölkədə yaşayan əcnəbilərə münasibətdə daha sərt və daha nəzarətçi model seçib. Son bir ildə qəbul edilən digər qərarlar, o cümlədən elektron nəzarət sistemlərinin genişləndirilməsi, miqrantların vahid reyestrə daxil edilməsi və qanun pozuntularına görə məsuliyyətin ağırlaşdırılması da eyni siyasətin tərkib hissəsidir.


MCP lideri Razi Nurullayev Rusiyadakı konsulluq və diaspor təşkilatlarının maarifləndirmə işini gücləndirməsinin vacibliyini vurğulamaqla yanaşı, problemin köklü həlli üçün daxili iqtisadi islahatların zəruriliyini qeyd edib: “Azərbaycan üçün burada əsas məsələ vətəndaşlarımızın hüquqlarının qorunmasıdır. Rusiyada yaşayan soydaşlarımız yeni qaydalar barədə ətraflı məlumatlandırılmalıdır. Konsulluqlar və diaspor təşkilatları maarifləndirmə işini gücləndirməli, insanlar hansı halların deportasiya ilə nəticələnə biləcəyini dəqiq bilməlidirlər. Bəzən bir anlıq ehtiyatsızlıq illərlə qurulmuş həyatı alt-üst edə bilər”. Hadisəyə daha geniş prizmadan baxmağın vacibliyinə toxunan deputat Razi Nurullayev əlavə edib ki, dünyada miqrasiya siyasəti getdikcə sərtləşir və təkcə Rusiya deyil, bir çox ölkə xarici işçi qüvvəsinə münasibətdə daha ciddi qaydalar tətbiq edir.
Buna görə də parlamentari Razi Nurullayev vurğulayıb ki, Azərbaycan üçün ən düzgün yol öz vətəndaşlarının xaricdə işləməyə məcbur qalmasını minimuma endirməkdir. Bunun yolu isə ölkə daxilində daha çox iş yerlərinin yaradılmasından, sahibkarlığın inkişafından və insanların layiqli gəlir əldə edə bilməsindən keçir: “Hər bir dövlət öz qanunlarını qəbul etməkdə suverendir və buna hörmətlə yanaşmaq lazımdır. Ancaq həmin qanunların bizim vətəndaşlara təsirini də düzgün qiymətləndirməliyik. Rusiyada yaşayan azərbaycanlılar bu gündən etibarən qanunlara əvvəlkindən də diqqətlə əməl etməlidirlər. Çünki artıq kiçik görünən bir inzibati xəta belə, insanın taleyini dəyişə biləcək hüquqi nəticələr doğura bilər”.
Ruslan MƏMMƏDOV


