Müasir dünyada ürəyimizi necə qorumalıyıq?

Müasir dünyada ürəyimizi necə qorumalıyıq?

Əhalı arasında gizli inkişaf edən və kəskin fəsadlara yol açan kardioloji xəstəliklər, onların yaranma səbəbləri və effektiv qorunma yolları barədə mühüm tövsiyələr açıqlanıb.

ELAZ.İNFO xəbər verir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Faiq Əliyev “Həkim məsləhəti” rubrikasında dövrümüzün ən aktual kardioloji xəstəlikləri barədə ətraflı məlumat verib. Həkim-kardioloq Faiq Əliyev bildirib ki, müasir dünyada oturaq həyat tərzi və xroniki stress səbəbindən ürək xəstəlikləri kəskin şəkildə artıb və bu problemlər adətən ürəyin koronar arteriyalarındakı disfunksiyadan qaynaqlanır.

Ürəyin çox böyük enerji tələb edən qeyri-adi bir əzələ topu olduğunu xatırladan Faiq Əliyev ürəyin fəaliyyət mexanizmini belə izah edib: “İnsan ürəyi çox güclü olsa da, oksigen və qida ehtiyacları kifayət qədər ödənilmədikdə, ritmi sürətlə pozulur, ‘nasos gücü’ azalır və sonra qəfil dayanır. Orqanizmin ümumi oksigen istehlakının, təxminən, dörddəbirini təşkil edən ürək bunu qanda olan oksigen və onu qidalandıran damarlardan keçərək əldə edir. Ürəyi qidalandıran damarlarda kritik daralma və ya tıxanma baş verdikdə isə bu, ani ölüm ilə nəticələnir”.

Həkim-kardioloq Faiq Əliyev müasir dövrdə ən çox rast gəlinən ürək patologiyalarını və onların xüsusiyyətlərini diqqətə çatdırıb:

Arterial Hipertenziya: Yüksək qan təzyiqi gizli inkişaf edən və infarkta yol açan xəstəlikdir. Ürəyin işemik xəstəliyi: Ürək əzələsini qidalandıran damarların daralması və ya tıxanması ilə xarakterizə olunur. Miokard İnfarktı: Ürək damarlarının qəfil qapanması nəticəsində yaranan, həyati təhlükəli kəskin vəziyyətdir. Aritmiyalar: Ürək ritminin normal xəttindən kənara çıxması (çox sürətli, çox yavaş və ya nizamsız döyünmə). Ürək çatışmazlığı: Ürəyin bədənə kifayət qədər qan vura bilməməsi nəticəsində yaranan xroniki patologiyadır.

Həkim vurğulayıb ki, ürək xəstəliklərinin 80%-nin sadə həyat tərzi dəyişiklikləri ilə qarşısını almaq mümkündür. Təzyiqi və xolesterini mütləq nəzarətdə saxlamağın vacibliyini qeyd edən Faiq Əliyev qorunma yollarını bu cür sıralayıb: “Hər gün 30 dəqiqə piyada gəzmək, aktiv hərəkət ürək əzələsini gücləndirir və damarları təmizləyir. Duz və zərərli yağları azaltmaq, Aralıq dənizi pəhrizinə (göyərti, balıq, zeytun yağı) üstünlük vermək tövsiyə olunur. Tütün məhsullarından tamamilə imtina etməklə damarların daralmasının və tromblaşmanın qarşısını almaq olar. Stressi idarə etmək önəmlidir: xroniki gərginlik və yuxusuzluq ürəyin ən böyük düşmənidir”.

“Ürəyinizi dinləyin, onun səsinə qulaq asın, onu qoruyun!” Faiq Əliyev müasir dövrün gərgin ritmində ürək sağlamlığının arxa plana atılmamasının həyati əhəmiyyət kəsb etdiyini, sağlam ürəyin xoşbəxt gələcək demək olduğunu bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın