Azərbaycan deputatları Ukrayna Ali Radası spikerinin müavini ilə görüşüblər

Azərbaycan ilə Ukrayna arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, strateji tərəfdaşlıq münasibətlərinin və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm rəsmi görüşlər davam edir. Hər iki ölkənin qanunverici orqanlarının nümayəndələri beynəlxalq hüququn prinsipləri və qarşılıqlı dəstək çərçivəsində aktual məsələləri diqqətdə saxlayırlar.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti – Ukrayna ilə Parlamentlərarası Əlaqələr Qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Erkin Qədirli Ukrayna Ali Radası spikerinin müavini Olena Kondratyukla görüşüblər. Görüşdə dövlətlər, hökumətlər və parlamentlər səviyyəsində münasibətlərin dinamik inkişaf və həmrəylik mərhələsini yaşadığı qeyd olunub.

Vitse-spiker Olena Kondratyuk Azərbaycanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə səmimi minnətdarlığını bildirib: “Azərbaycanlı dostlarımız və tərəfdaşlarımız bizi çox yaxşı başa düşür, Ukraynaya və ukraynalılara qarşı empatiya bəsləyirlər. Axı onlar özləri də ərazi bütövlüyünü bərpa etmək üçün onilliklər boyu çətin mübarizədən keçiblər. Ukrayna da həmişə Azərbaycana qarşı oxşar mövqe tutub”.

Xüsusilə Azərbaycanın enerji sektoruna göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiklərini deyən Ali Rada rəsmisi, müharibədən zərər çəkmiş ukraynalı uşaqlara, o cümlədən hərbçilərin övladlarına göstərilən səmimi köməyi xüsusi vurğulayıb. Qeyd olunub ki, 2022-ci ildən bəri Azərbaycan 600-dən çox ukraynalı uşağı istirahət və reabilitasiya üçün qəbul edib, həmçinin ilk Ukrayna hərbçiləri də artıq bu ölkədə reabilitasiyadan keçiblər. Bununla yanaşı, Kiyev vilayətinin İrpin şəhərində sosial obyektlərin yenidən qurulması istiqamətində Azərbaycanın humanitar layihələri davam etdirməyə hazır olması böyük minnətdarlıqla qarşılanıb.

Görüşdə həmçinin Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə ədalətli, hərtərəfli və davamlı sülhə nail olmağın zəruriliyi ətrafında fikir mübadiləsi aparılıb. Vitse-spiker Ukraynanın bu prinsiplər üzrə danışıqlara hazır olduğunu, lakin Rusiyanın diplomatiya əvəzinə terroru seçərək Kiyevi və digər şəhərləri daim atəşə tutduğunu, bu hücumlar zamanı hətta Azərbaycan səfirliyinin də zərər çəkdiyini diqqətə çatdırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın