ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində təşkil edilib.
Tədbirdə kənd sakinləri ilə ətraf mühitin qorunması, ekoloji tarazlığın saxlanılması və təbii ehtiyatlardan səmərəli istifadə mövzularında fikir mübadiləsi aparılıb. Görüş iştirakçılarına gündəlik həyatda ekoloji məsuliyyətin artırılması, yaşıllıqların mühafizəsi, məişət tullantılarının düzgün çeşidlənməsi və ətraf mühitə mənfi təsirlərin azaldılması istiqamətində tövsiyələr verilib.
İnteraktiv formada keçirilən görüş zamanı iştirakçıların təklif və sualları dinlənilib, ekoloji problemlərin həllində yerli icmaların rolunun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ətraf mühitin qorunması istiqamətində hər bir vətəndaşın fəal iştirakı davamlı inkişafın təmin edilməsinə mühüm töhfə verir.
Layihə çərçivəsində həyata keçirilən bu cür maarifləndirici tədbirlərin əsas məqsədi icmalarda ekoloji mədəniyyətin formalaşdırılması, əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsi və sağlam, təmiz ətraf mühitin qorunmasına ictimai dəstəyin gücləndirilməsidir.
Sevinc Qasımova



