Ermənistan Konstitusiya Məhkəməsi (KM) iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı 7 siyasi partiya və blokun iddiasını icraata götürüb.
ELAZ.İNFO xəbər verir ki, bu barədə KM-in sosial media hesabında məlumat yayılıb.
Məhkəmədə keçirilən iclasında “Güclü Ermənistan” bloku, “Birlik Qanadları”, “Demokratiya, Qanun, İntizam”, “Çiçəklənən Ermənistan”, “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı”, “Ermənistan” bloku və “Yeni Güc” partiyasının müraciətləri araşdırılıb. Sözügedən müraciətlər Mərkəzi Seçki Komissiyasının iyunun 7-də keçirilən parlament seçkilərinin yekunları ilə bağlı qərarından narazılıqla bağlıdır.
Məhkəmə qərara alıb ki, bütün şikayətlər birləşdirilsin və vahid icraat çərçivəsində baxılsın. Məlumata görə, iş üzrə məhkəmə iclası 2026-cı il iyunun 26-sı, saat 11:00-a təyin edilib.
