TƏCİLİ: İran danışıqları dayandırdı – Şərt: Trampın üzr istəməsi

Beynəlxalq arenada gərginlik yüksəlir. İsveçrədə ABŞ nümayəndələri ilə dialoq aparan İran nümayəndə heyəti, tərəflər arasında fikir ayrılıqlarının dərinləşməsi fonunda danışıqların dayandırılması barədə qərar qəbul edib.

ELAZ.İNFO xəbər verir ki, rəsmi Tehran danışıqların bərpası üçün konkret və sərt şərtlər irəli sürüb. İranlı diplomatların mövqeyinə görə, ABŞ prezidenti Donald Tramp nümayəndə heyətlərinin görüşü zamanı səsləndirdiyi təhdid dolu bəyanatlara görə rəsmi şəkildə üzr istəməlidir. İran tərəfi bəyan edib ki, bu üzr istəmə baş verməyəcəyi təqdirdə, rəsmi görüşlər davam etdirilməyəcək.

İranın tələbləri bununla məhdudlaşmır. Rəsmi Tehran artıq yalnız Livandakı hərbi əməliyyatların dayandırılmasını deyil, həm də İsrail qoşunlarının Cənubi Livandan tamamilə çıxarılmasını tələb edir.

Xatırladaq ki, daha əvvəl “Al Hadath” telekanalı tərəflər arasında təmasların vasitəçilər vasitəsilə davam etdiyini bildirsə də, hazırkı vəziyyət danışıqlar prosesinin ciddi böhranla üzləşdiyini göstərir. İran nümayəndə heyətinin rəhbəri ABŞ-ı təhdidlərlə bağlı daha ehtiyatlı olmağa çağırıb. Hazırda beynəlxalq ictimaiyyət tərəflərin atacağı növbəti addımı gözləyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın